"Bir ölkənin ərazilərinin başqa ölkəyə güclə birləşdirilməsi qəbuledilməzdir". SİA-nın xəbərinə görə, bu sözləri Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine ADEX 214 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.O bildirib ki, artıq ABŞ İraq və Suriyada törətdiyi vəhşiliklərlə tanınan terror qrupuna qarşı əməliyyatlarla bağlı qərar qəbul edib: " İŞİD-ə qarşı Yaxın Şərq ölkələrinin KİV-lərində də hərbi əməliyyatların başlanması haqqında məlumat verilib. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı da dəstək olacaq. İŞİD-ə qarşı beynəlxalq koalisiyanın yaradılması hərbi işğalın və vəhşiliklərin qarşısının alınmasına kömək göstərəcək. Amerikalılar hesab edir ki, İraq və Suriyada baş verən vəhşiliklər yalnız bu ölkələrə aid deyil. Bu terrorçu qruplara qarşı qətiyyətlə hərbi əməliyyatlar həyata keçirilməlidir. Çünki bu qruplarda bir neçə ölkələrin nümayəndələri iştirak edir. Biz müttəfiqlərimizi bu
vəhşiliklərə qarşı mübarizə aparmağa, Yaxın Şərq və Asiya ölkələrində yayılmasının qarşısının alınmasına çağırırıq".Rusiya ilə Ukrayna arasında olan münasibətlər haqqında da danışan Riçard Fontaine qeyd edib ki, vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı etdikləri qəbuledilməzdir: "Bu İraq və Suriyaya nisbətən daha geniş beynəlxalq böhrandır. Bir ölkənin ərazilərinin başqa ölkəyə güclə
birləşdirilməsi qəbuledilməzdir. Ukraynada olan əməliyyatlar 2008-ci ildə Rusiyanın Gürcüstanda apardığı əməliyyatlardan fərqlənir və daha mürəkkəbdir. Rusiya 2008-ci ildə Gürcüstan ərazisinə daxil olan Abxaziyanı zəbt etmişdir. Lakin
Ukraynada xüsusi əməliyyat qüvvələri cəlb olunub, siyasi müstəvidə provokasiyalar və informasiya savaşı aparılır. Düşünürəm ki, bütün müttəfiqlər belə əməliyyatlara cavab verməlidir".
ABŞ-ın Azərbaycan münasibətlərinə gəlincə, R. Fontaine bildirib ki, iki ölkə arasında enerji təhlükəsizliyi ilə bağlı böyük əməkdaşlıq var: "Bölgədə bu əməkdaşlığa mane olan bəzi problemlər də var ki, Dağlıq Qarabağ məsələdə burada ən önəmli yeri tutur. Bizi narahat edən məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırıq. Bəziləri deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Bu, həqiqətən də belədir".
Riçard Fontaine bildirib ki, Əfqanıstanda hələ siyasi baxımdan çətin vəziyyət var. Onun sözlərinə görə, Taliban Hərəkatı xüsusən şəhərlərin ətrafınla əməliyyatlar keçirir: "ABŞ Əfqanıstan ordusunun güclənməsini, 2016-cı ilə qədər bu ölkədə müttəfiq ölkələrin qoşunlarının azalmasını istəyir. ABŞ istəmir ki, bu ölkədə qeyri-sabit vəziyyət davam etsin, ətraf ölkələrə yayılsın. Azərbaycan Əfqanıstanla bağlı əməkdaşlıq sahəsində mühüm rol oynayır".
Riçard Fontaine Avropa ölkələrinin müdafiə sahəsinə ayrılan vəsaitlərin azaldığını, bunun terrorçuluğa qarşı mübarizəni əhatə etmədiyini
vurğulayıb: "Təhlükəsizlik platforması çox çevik dəyişir. 2012-ci ilin sonunda təhlükəsizliklə məşğul olan ekspertlər görürdülər, kiber təhlükəsizlik məsələsi var, Əfqanıstan, Suriya, Rusiyanın Ukraynada olan əməliyyatları təhlükəsizlik sahəsində böyük çağırışlar var. Təhlükəsizlik sahəsində məlumatların mübadiləsi çox mühümdür".
ABŞ və Avropanın Azərbaycana müasir silah və sursat satışı sahəsində qadağanı ləğv etməməsi ilə bağlı sualı cavablandıran Riçard Fontaine deyib ki, bu suala konkret cavabı yoxdur: "Mənim rolum təhlükəsizlik dinamikasının ümumi görünüşünü göstərməkdir. Müdafiə sənayesi məhsullarının ixracatı ABŞ üçün çox mühüm, xüsusi bir məsələdir. Mən konkret cavab verə bilmərəm".
sia.az