PDF Oxu

Siyasət

  • 46

"ƏSRİN MÜQAVİLƏSİ"- dünyanı heyrətdə qoyan reallıq

"ƏSRİN MÜQAVİLƏSİ"- dünyanı heyrətdə qoyan reallıq

Prezident İlham Əliyev: "Biz səhv edə bilmərik"

Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan "Əsrin müqaviləsi"nin imzalanmasından iyirmi il ötür. Təməli Ümummilli Lider Heydər Əliyevin bu tarixi müqavilə ilə qoyduğu yeni neft-qaz strategiyası bu illər ərzində uğurla həyata keçirilib. Vaxtilə bir çoxlarına əfsanə kimi görünən qlobal layihələr artıq günümüzün reallıqlarıdır. Azərbaycanın regionda lider dövlətə çevrilməsində, dünyada neft və qaz ölkəsi kimi mövqelərinin möhkəmləndirməsində "Əsrin müqaviləsi" özünəməxsus rol oynayıb. Yubiley ərəfəsində bir daha həmin hadisələri xatırlamağa, tarixin müəyyən səhifələrini vərəqləməyə, bu müqaviləni şərtləndirən amilləri, onun Azərbaycana gətirdiyi siyasi-iqtisadi dividendləri nəzərdən keçirməyi lazım bildik.

Tarixə ekskurs

Azərbaycan hələ XIX əsrdən neft ölkəsi kimi tanınmağa başlamışdı. Dünyada sənaye üsulu ilə ilk neft 1847-ci ildə məhz Azərbaycanda - Bibiheybətdə hasil olunmuşdu. XX əsrdə də neft ölkəsi kimi inkişaf edən Azərbaycanın neft sənayesinin Sovet İttifaqının, xüsusən Rusiyanın ərazisində yeni neft yataqlarının kəşf olunmasında böyük rol oynamışdı. Təsadüfi deyil ki, Rusiyanın ərazisində olan böyük neft yataqlarına sonralar "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" adları verilmişdi. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının işlətdiyi neftin 75 faizinin Azərbaycanda hasil olunması diqqətçəkən fakt kimi zaman-zaman xatırlanır. XX əsrin 90-cı illəri... Artıq o dövrdən xeyli vaxt keçmiş, Sovet İttifaqı dağılmış, müstəqil respublikalar yaranmışdı. Lakin müstəqillik özü ilə bərabər həlli heç də asan olmayan problemlər doğurmuşdu. Xaos, özbaşınalıq, hakimiyyətsizlik iqtisadi tənəzzülə səbəb olmuş, neft hasilatında durğunluq yaranmışdı.

Tale xalqımızın üzünə güldü

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Ümummilli Lider uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etdi. Yeni strategiyanın təməlində bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Elə ilk günlərdən ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

"Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" Sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə "Çıraq" yatağından neft hasilatına başlandı. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta sabiq prezident Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal Terminalında Ulu Öndər Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bu "əsas ixrac neft kəməri"nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaqdır.

Yeni neft strategiyası- Bakı-Tbilisi-Ceyhan

Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri Azərbaycanın getdikcə artan iri neft ehtiyatlarını dünya bazarına ixrac etmək iqtidarında deyildi. "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərlərin ötürücülük qabiliyyəti məhdud idi. İxrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi alternativ variantlar üzərində ciddi iş aparılmasını tələb edirdi. Hasil olunan neftin Azərbaycanın milli maraqlarına uyğun olaraq nəqli üçün yeni kəmərin tikintisinə ehtiyac yaranmışdı. Ulu Öndər Heydər Əliyev artıq bu haqda düşünür, müxtəlif variantları götür-qoy edir, planlar cızırdı.

Nəhayət, 1999-cu ilin noyabrında İstanbulda ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişinə dair dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalında Ümummilli Lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı.

2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu. Qlobal layihələr olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Bununla da neftimiz və qazımız üçün Avropaya geniş yol açıldı.

TANAP, TAP və "Şahdəniz- 2"

Zəngin təbii qaz ehtiyatlarımızın dünya bazarlarına çıxarılması istiqamətində növbəti uğurlu addım isə Azərbaycan ilə Türkiyə arasında yeni iri layihənin - Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün təşkilati məsələlərə dair ilk razılaşmanın və hökumətlərarası sazişin imzalanması oldu. Bu, Azərbaycan qazını Avropaya daşıyacaq yeni kəmərin çəkilməsində Qərb dövlətlərinin cəsarət göstərərək seçim edə bilmədiyi bir vaxtda, iki qardaş ölkənin qətiyyətli qərarı ilə birgə layihənin reallaşdırılması anlamına gəlir. Artıq Azərbaycan öz qazını TANAP vasitəsilə birbaşa Avropanın sərhədlərinədək çatdıracaq. TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazı Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql edəcək "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcək.

Ötən ilin dekabrında dünyaya səs salan daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi və Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında "Cənub" qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bununla da "Şahdəniz" yatağının ikinci fazası çərçivəsində hasil olunacaq qaz blokunun tammiqyaslı işlənməsi və yanacağın ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından strateji marşrut hesab olunan Transadriatik boru kəməri (TAP) ilə Qərbə nəqli üçün möhkəm zəmin, hüquqi-siyasi bazis yaradılmış oldu.

"Şahdəniz-2" layihəsinin, eləcə də Transadriatik boru kəmərinin həyata vəsiqə alması birbaşa Prezident İlham Əliyevin siyasi qətiyyəti, prinsipial qərarı və xarizmatik liderliyinin, mükəmməl təşəbbüsünün məntiqi nəticəsi, əzmkar və möhtəşəm fəaliyyətin təntənəsi hesab oluna bilər. Dövlətimizin başçısı "Əsrin müqaviləsi"ni və "Şahdəniz-2" enerji layihəsini belə xarakterizə edib:"Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. "Şahdəniz" isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır... Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək".

İnsan kapitalı

Müasir dövrümüzdə qazanılan iqtisadi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi dayanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi "qara qızıl"ı insan kapitalına çevirməkdən ibarətdir. Bu məqsədlə ölkənin gələcəyinə istiqamətlənmiş bir çox sosial layihələr həyata keçirilir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bunun bariz nümunəsidir.

Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib. Əminliklə demək olar ki, bu güclü təməl üzərində qurulan ölkə iqtisadiyyatı bundan sonra da sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə yaxşılaşacaq, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında özünə daha da layiqli yer tutacaq.

Samir Feyruzov

Digər xəbərlər