"Mən Ermənistanın hazırkı halını müşahidə edəndə, onların narahatlıqlarını, beynəlxalq təşkilatlara müraciətlərini dinləyəndə və ya onları oxuyanda düşünürəm ki, onlar ya özləri belə hesab edirlər ki, dünyada real həqiqətlər görünmür, ya da ermənilər həqiqi mənada siyasi kordurlar". Bu fikirləri SİA-ya Milli Məcslisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimlərinə, eləcə də təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəlinin təlim toplanışına qarşılıq olaraq, Ermənistan tərəfinin beynəlxalq təşkilatlara narahatlıqları ilə bağlı etiraz müraciətləri ünvanlamalarına münasibətini bildirərkən deyib.
Zahid Oruc bildirib ki, belə bir vəziyyətdə işğalçı Ermənistanın bu cür həyasızlığı yolverilməzdir: "İş ondadır ki, bu qədər əraziləri ələ keçirən ermənilər, işğal siyasətini yürüdən ermənilər, bölgədə bu illər ərzində müharibəyə yönəlik fəaliyyət aparan və KTMD çərçivəsində öz ölkəsini hərbi poliqona çevirən də erməni tərəfidir. Digər tərəfdən, ötən dövr ərzində heç bir beynəlxalq layihədə yer almamaqla Qərbin təhlükəsizlik siyasətinə də töhfə verməyən yenə də Ermənistandır! Bu fonda onlar Azərbaycanın beş min, ya on min insanının hərbi formaya keçidini, əlaqələr, vərdişlər, birgə taktikanın təlimini guya özlərinə təhdid kimi qələmə verməyə cəhd göstərirlər. O cümlədən, ölkəmizə təkcə Ermənistandan deyil, digər hər hansı bir ölkədən silahlı təcüvuzlər olarsa, keçmişdə hərbi xidmət keçmiş insanların da ölkənin müdafiəsinə cəlb olunması kimi bir məqamı əlahiddə hadisə kimi dəyərləndirib, dünyaya təqdim edirlər".
Millət vəkili qeyd edib ki, Azərbaycan da Ermənistanın bu kimi hay-haraylarına mütləq cavab verməlidir: "Mən hesab edirəm ki, ölkəmizin bu məsələlərə cavab verməsinin çox sadə yolları var. Azərbaycanın Xarici İşlər Nazirliyi ermənilərin müraciət etdiyi ünvanlara yeni bir müraciət edir, məktub yazır. Məktubda soruşulur: Bəlkə biz məlumatsızıq, İrəvanı ələ keçirmişik və bu erməniləri narahat edir?! Bəlkə Spitak, Leninakan, Qafan, Sisyan, Zəngibasar, Vedibasar və buna bənzər ərazilər bizim əlimizdədir, nəzarətimiz altındadır?! Bəlkə 10 minlərlə ermənini biz "qətlə yetirmişik"?! "Soyqırımları" Azərbaycanmı həyata keçirib?! Və bu fonda bizim ölkəmizin başqa hansı alternativi qalır?!".
Zahid Oruc eyni zamanda bildirib ki, İŞİD terror təşkilatı bu gün İraqda hazırkı hakimiyyətə qarşı amansız, sərt, qaniçən bir müharibə aparır: "Bunu ABŞ və Qərb koalisiyası dünən elan etdiyi qurum vasitəsilə bəyan edir ki, baş verənlər onların təhlükəsizliyinə zərbədir. Biz isə hansısa bir şərti bir qurumdan, Avropada yerləşmiş bir təşkilatdan real ərazilərimizdə on illərdir oturmuş və öz xalqını da bədbəxt etmiş bölgənin də müxtəlif təhlükəsizlik maraqlarına zərbə vuran konkret bir dövlətdən danışırıq. Ermənistanın içərisindən "Haydat", "Hnçak" kimi bir terror qrupu gəlib Azərbaycan üzərində qanlı əməllərə yol versə, amma Ermənistan hər dəfə bunu tanımasa, qəbul etməsə, bizimlə normal münasibətlərə getsə, onda bunların sülhdən danışmağa üzü olar. Yəni ona görə, açığını deyim ki, bu ən yaxşı halda utanmazlıqdır, ən pis halda isə siyasi riyakarlıq, oğurluq və yaramazlıqdır. Ermənistanın bu addımını başqa xarakterdə dəyərləndirmək mümkün deyil və belə düşünürəm ki, bizim üçün bütün bu məsələlərə bağlı müvafiq qurumlardan cavablandırmaq, real mövqeyimizi bildirmək üçün imkanlarımız yetərincə böyükdür".
sia.az