PDF Oxu

Siyasət

  • 36

Dövlətin prioritet istiqamətlərindən biri də insan amilidir

Dövlətin prioritet istiqamətlərindən biri də insan amilidir

İlham Əliyev: "İnsan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir"

Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial-müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

Azərbaycan iqtisadiyyatının uğurlarının son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı Cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: "...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar".

Sosialyönümlü iqtisadi uğurlar statistik

rəqəmlərlə

Ölkəmizdə sosialyönümlü iqtisadi siyasətin uğurla reallaşdırılması nəticəsində bu ilin birinci yarısında 65,1 min yeni, o cümlədən 52,8 min daimi iş yeri açılıbdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılan iş yerlərinin 69,3 faizi regionlarda, 83,9 faizi qeyri-dövlət sektorunda açılıbdır.

2014-cü ilin yeddi ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4,7 faiz artaraq 21 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,4 faiz artaraq 2239,1 manata çatıbdır. Gəlirlərin 70,3 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilibdir. Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil edibdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat olubdur.

Dövlət büdcəsi

sosial siyasətin

inkişafına yönəlib

Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsini, məcburi köçkünlərə qayğının artırılmasını daim diqqət mərkəzində saxlayır. Bunun bariz nümunəsi olaraq dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu sırada aztəminatlı ailələrə dövlət qayğısının ilbəil yüksəlməsi xüsusilə diqqət çəkir. Belə ki, ölkədə yoxsulluğun səviyyəsi son illərdə dəfələrlə aşağı düşüb. Ölkədə ünvanlı dövlət sosial yardımı sisteminin işə düşməsi aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasına təkan verib. Ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyən "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun qüvvəyə minməsindən qısa müddət ötməsinə baxmayaraq, onun ünvanlılıq, ədalətlilik, bərabərlik kimi prinsiplərinə ciddi riayət olunur. Bu yardımın verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqqının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində ölkədə adambaşına düşən orta aylıq gəlirlər davamlı olaraq artmaqdadır. Onu da qeyd edək ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir.

Sosial problemlərin aradan qaldırılması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın sürətli iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər