"Oktyabrın sonu- noyabrın əvvəlində Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək". SİA-nın xəbərinə görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Politoloqun sözlərinə görə, F.Ollandın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə orijinal yanaşması var: "Əvvəla, Fransa, o cümlədən onun indiki prezidenti F.Olland erməni məsələsini tərkib hissələrinə görə diferensiasiya edib. "Erməni soyqırımı" məsələsində Ermənistana, Dağlıq Qarabağ məsələsində isə Azərbaycana dəstək. İkincisi, F.Olland Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın iddia etdiyi həll variantını düzgün olmayan variant adlandırdı və düzgün variantın tapılmasını məsləhət bildi. Üçüncüsü, F.Olland Gürcüstanda olarkən də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etdi".M.Əhmədoğlunun sözlərinə görə, F.Olland Gürcüstanı münaqişənin həllinə qoşmaqla konkret praktik nəticə əldə edə bilər: "F.Ollandın təşəbbüsü ABŞ tərəfdən təzyiqlə qarşılandı, çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil. Ona görə Fransa bir müddət öz təşəbbüsünü yaddan çıxardı. İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazisindəki aktivliyinin yaratdığı hərbi gərginlik, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki hərbi insidentlərin sayının artması Rusiya prezidenti Vladimir Putini dövlət başçılarının görüşü təşəbbüsünü irəli sürməyə təhrik etdi".Politoloq M.Əhmədoğlu qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həm maraqlı, həm də hazır deyil: "Ona görə Putinin Soçi görüşünə erməni ssenarisi hazırlandı. Guya Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşür. Prezidentlərin üçtərəfli görüşü isə olmayacaq. Lavrov-Abramyanın müəllifi olduğu erməni ssenarisini Putin pozdu. Üçtərəfli görüş baş tutdu. Soçi görüşünün erməni ssenarisi ilə yanaşı, ABŞ-ın bu təşəbbüsü aşağılatma kampaniyası da davam etdi. ABŞ həmsədrlərə Soçi görüşündə iştirak etməyə icazə vermədi. Rusiyanın təşəbbüsü ələ almaq niyyəti ABŞ-ı qorxutdu. Ona görə həm özü prezidentlərin görüşü təşəbbüsünü irəli sürdü, həm də Ollandın əvvəlki təklifi reanimasiya olundu".Politoloq M.Əhmədoğlu onu da xatırladıb ki, ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Uelsin Nyuport şəhərində NATO sammiti çərçivəsində görüş keçiriblər: "ABŞ dövlət katibi C.Kerrinin keçirdiyi görüşdə də ATƏT Minsk Qrupunun həmsədrləri iştirak etmədilər. ABŞ Rusiya Federasiyasının prezidenti V.Putinin təşəbbüsü ilə keçirilən görüşün qeyri-rəsmi olmadığını bildirdi. Guya Putin Azərbaycan və Ermənistan prezidentlərini bağ evinə şəxsi qonağı kimi dəvət edib. Putin Azərbaycan və Ermənistan prezidentlərini öz dövlətinin ərazisinə dəvət etmişdi və ATƏT Minsk Qrupunun həmsədrlərinin həmin tədbirdə iştirak etməməsi də Rusiyadan asılı deyildi, ABŞ öz ölkəsindən kənarda keçirdiyi və ATƏT Minsk Qrupunun həmsədrlərinin qatılmadığı görüşü isə rəsmi görüş hesab edir. Soçi görüşündə Rusiya Federasiyasının prezidenti təmsil edirdi, Uels görüşündə isə ABŞ-ı dövlət katibi təmsil edirdi. Bunlar həm də ATƏT Minsk Qrupunun çərçivəsində ABŞ-ın Rusiyaya qarşı apardığı mübarizənin təsir dərəcələridir".ABŞ-ın ATƏT Minsk Qrupunun fəaliyyətini iflic etdiyini deyən M.Əhmədoğlu bildirib ki, prezidentlərin iki görüşündə vasitəçilər ABŞ-ın ucbatından iştirak etmədi, son hərbi gərginlik dövründə regiona səfər etmədilər, ortalığa sanballı mövqe qoya bilmədilər: "Bu prizmadan Ollandın təşəbbüsü ilə keçirilən görüşün də səmərəsi şübhə altındadır. Hər halda ABŞ yenidən tənzimləmə prosesinin zəifləməsi istiqamətində fəaliyyətə başlayıb. Ermənistanın marağı bunu tələb edir. Məhz bu səbəbdən də ABŞ-dan olan həmsədr Uorlik ABŞ-dakı ermənilərlə görüşüb müraciət yaydı. Ermənistan qeyri-rəsmi danışıqlarda iştirak etməməlidir. Başqa sözlə, Uorlik Ermənistanı V.Putinin təşəbbüsü ilə keçirilən görüşlərdə iştirakdan imtina etməyə çağırdı. Buna görə tənzimləmə prosesindəki artan intensivliyin əvvəlki məcrasına qayıtması ABŞ-la Ermənistanın birgə fəaliyyətinin məhsulu kimi qəbul edilməlidir".Politoloq M.Əhmədoğlu əlavə edib ki, F.Ollandın təşəbbüsü ilə keçirilən görüşdən sonra dinc danışıqların tam bir dövrü bitmiş olur: "Üç həmsədr ölkə rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdilər. ATƏT MQ-nin özü ilə bağlı baş verənləri əsaslandırmağa arqumenti yoxdur. Cəmi iki variant qalır: Azərbaycan müharibə yolu ilə işğalçı Ermənistanı öz ərazilərindən qovur. Bugünkü nəticəsiz sülh danışıqları Azərbaycanın qarşısında duran bütün maneələri aradan qaldırır. İkinci variant isə Rusiyanın aktivliyinin artmasıdır. Rusiyanın əlində olan tarixi, hüquqi, siyasi, iqtisadi və hərbi imkanlardan istifadə edərək Ermənistanın işğalçı qoşunlarını Azərbaycanın ərazisindən çıxarmağa nail ola bilir. Rusiya bu prosesə Gömrük İttifaqını da qoşur. Sonda Rusiya bu proseslərdən tam qalib kimi çıxır; Azərbaycanla münasibətləri bir daha möhkəmlənir. Ermənistan Rusiyanın təsir zonasından kənara çıxa bilmir. Gömrük İttifaqının daxilinə sağlam ab-hava yaranmağa başlayır. Bunların olmaması üçün ən qısa müddət ərzində S.Sarkisyan öz işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarır və qələbə çələngini ABŞ-a təqdim edir".
sia.az