PDF Oxu

Siyasət

  • 27

GERİDƏ QALMIŞ MÖHTƏŞƏM 20 İL

GERİDƏ QALMIŞ MÖHTƏŞƏM 20 İL

İlham Əliyev: "Ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil "Əsrin müqaviləsi"nin imzalanmasıdır"

20 sentyabr tarixi neft sənayemizdə yeni dövrün başlanğıcı hesab olunur. 20 il əvvəl imzalanan bu müqavilədən əldə olunan siyasi mənfəət gələcəkdə əldə olunacaq real iqtisadi gəlirlərdən qat-qat çox oldu. Mübağiləsiz demək olar ki, bu müqavilə Azərbaycanı Rusiyanın caynağından xilas edərək, müstəqilliyinin qarantına çevrildi. Heydər Əliyev Azərbaycan üçün heç nə etməsəydi belə "Əsrin Müqaviləsi" onun tarixdə qalması üçün kifayət edərdi.

Belə ki, müstəqilliyinin bərpasından ötən 22 il ərzində Azərbaycan bir çox dövlətlərin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu qət edə bilib, böyük uğurlara imza atıb. Cəmi 22 il ərzində xaos və anarxiyaya son qoyaraq siyasi sabitlik yaratmaq, tənəzzülə uğrayan iqtisadiyyatı dirçəltmək, hətta daha da yüksəltmək, nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurmaq, regional və qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarına çevrilmək, sözdə deyil, əməldə dünyada ən sürətlə inkişaf edən ölkə olmaq və bu imici qazanmaq məhz Azərbaycana məxsusdur. Sadaladığımız bütün bu uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində mümkün olub. Məhz Onun müstəqilliyin ilk illərində hazırladığı və uğurla həyata keçirdiyi yeni neft strategiyası Azərbaycanın dinamik inkişafını təmin etdi, maliyyə imkanlarının artmasına gətirib çıxardı. Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd edir ki, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil "Əsrin müqaviləsi"nin imzalanmasıdır. Bu müqavilə imzalanmasaydı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. "Əsrin müqaviləsi" Azərbaycanı dünyada tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi, ölkəyə böyük həcmdə investisiyalar gətirdi. Azərbaycan bu gün nəinki öz, eyni zamanda, tərəfdaşlarının maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir.

Məhz 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar "Əsrin müqaviləsi" adını almış "Azəri, Çıraq, Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı. 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi daxil oldu. Ümummilli Lider həmin günü müvafiq Fərmanı ilə "Neftçilər Günü" kimi əbədiləşdirdi. "Əsrin müqaviləsi"nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, ölkəmizin uzunmüddətli və uğurlu inkişafını təmin etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını əks etdirir.

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dolları ötüb

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrilib və daha da güclənib. Heç şübhəsiz, bu uğurların əldə edilməsini şərtləndirən amillərdən biri də həyata keçirilən dövlət proqramlarıdır. Yeri gəlmişkən, "The Business Year" nəşrinə müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev deyib ki, düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib.

Onu da qeyd edək ki, sürətli iqtisadi inkişaf öz növbəsində əhalinin rifahının yüksəlməsinə gətirib çıxarıb. Belə ki, son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə düşüb, işsizliyin səviyyəsi isə iki dəfə azalaraq cəmi 5 faiz təşkil edir. Bu dövrdə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, paytaxt və regionlarımız müasirləşib, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi genişləndirilib. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutub.

Sadalanan uğurların təməlində dayanan ən vacib iqtisadi faktorlardan biri isə məhz həyata keçirilən investisiya siyasəti, bu əsasda iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaların cəlb olunmasıdır. Bu prosesdə, heç şübhəsiz, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" böyük rol oynadı. Azərbaycan iqtisadiyyatını xarici yatırımlara açıq elan etməklə Ulu Öndər ölkənin inkişaf potensialının gerçəkləşməsinə yol açdı.

Uğurlu neft strategiyasının məhsulu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra Azərbaycan böyük həcmdə neft gəlirləri qazandı. Bununla da, tezliklə daxili investisiyalar xarici yatırımlardan üstün səviyyəyə yüksəldi, üstəlik, Azərbaycan özü də investor ölkəyə çevrildi. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 132 milyard dolları, "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı dövrdən isə 170 milyard dolları ötüb. Bunun 84 milyard dollar yaxın xarici, 88,7 milyard dolları isə daxili investisiyalardır.

Xatırladaq ki, Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində ölkədəki investisiya siyasətindən də bəhs edərək neft gəlirlərinin bu sahəyə yönləndirildiyini söyləyib: "Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır".

Sənayenin inkişafında "Əsrin müqaviləsi"nin danılmaz rolu

Onu da qeyd edək ki, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda sənaye sektoru yenidən ölkə iqtisadiyyatının inkişaf etmiş aparıcı sahələrindən birinə çevrildi. Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2014-cü illərdə sənaye sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Təkcə son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilıb, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Məhz bütün bunları nəzərə alaraq ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə Prezident İlham Əliyev 2014-cü ilin yanvar ayının 10-da "Sənaye ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Eyni zamanda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanıb.

Beləliklə də, bu gün Azərbaycanın neft-qaz sənayesi intibah dövrünü yaşayır. Dünyanın enerji xəritəsində özünəməxsus yeri olan ölkəmizin mövqeləri möhkəmlənir, Prezident İlham Əliyevin rəhbərliyi altında irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər