"ATƏT Parlament Assambleyasının payız sessiyası 3-5 oktyabr tarixlərində Cenevrə şəhərində keçiriləcək. Sessiya "Yeni təhlükəsizlik çağırışları və parlamentlərin rolu" devizi altında baş tutacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.Onun sözlərinə görə, bu mövzunun siyasi və hərbi, iqtisadi və ekoloji, eləcə də insan hüquqları ilə bağlı tərəflərinin müzakirəsi üçün komitə iclasları təşkil olunacaq: "Bundan əlavə, sessiya çərçivəsində Daimi Komitənin iclası və ATƏT PA-nın Aralıq dənizi Forumunun növbəti konfransı keçiriləcək. Nümayəndə heyəti olaraq bütün tədbirlərdə iştirak edərək Azərbaycanın təhlükəsizlik sahəsində nailiyyətləri, bütün aspektlərdə dövlətimizin oynadığı rolunun diqqətə çatdırılması ilə yanaşı, üzləşdiyimiz problemləri müzakirə mövzusu etməyə çalışacağıq".Girov götürülən əsirlərlə bağlı beynəlxalq tədbirlərdə mütəmadi çıxışlar olduğunu xatırladan B. Muradova qeyd edib ki, iştirak edəcəkləri tədbirlərdə də məsələ ilə bağlı müzakirə aparacaqlar: "Bu məsələ barədə aidiyyəti qurumlarla yazışmalarımız olub və cavablar da almışıq. Lakin gördüyünüz kimi, əsirlərin geri qaytarılması ilə bağlı konkret nəticə yoxdur. Hətta onların nə vaxt geri qaytarılacağı da məlum deyil. Bu səbəbdən də mövcud məsələ bütün çıxışlarımızda öz əksini tapacaq. Çünki insidentlərin araşdırılması həm ermənilərin, həm də onların maraqlarını müdafiə edən dairələrin daim qabartdığı məsələdir. Bu da həmin insidentlərdən biridir. Ona görə də problemin həlli ilə yanaşı, ayrı-ayrı məqamların araşdırılması həm vasitəçilərin, həm də danışıq iştirakçılarının borcudur. Odur ki, məsələ müzakirə mövzusu olacaq. Öz evinə səfər etmiş insanların terrorçu qrupların nümayəndəsi kimi həbs olunması, onların guya hansısa mifik dövlətin sərhədini pozması barədə ittihamları qətiyyən qəbul edə bilmərik".
sia.az