Yaxud onlarda da Leyla Yunus olsaydı, nə baş verərdi?
Bəlli olduğu kimi, Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib və həmin qətnamə öz qondarmaçılığı və qərəzi ilə daha çox nəzərə çarpmaqdadır. Məsələ ondadır ki, beynəlxalq təşkilat heç bir tərifi olmayan "siyasi məhbus" məsələsini qabardaraq, Azərbaycana qarşı sırf qərəzçilik və içəridən doğan paxıllıq funksiyasını sərgiləyib. Çünki bu gün Azərbaycanın istər demokratik, istərsə də digər inkişaf amili həqiqətən də Qərbi ciddi şəkildə narahat etməyə başlayıb. Məhz bu səbəbdən indi də qondarma "siyasi məhbus" məsələsini gündəmə çıxarmaqla bir növ, Azərbaycan üzərində təzyiqlərini reallaşdırmağa çalışır.
Beləliklə, dövlət əleyhinə işləyən, erməni kəşfiyyat orqanları ilə sıx təmasda olan, Vətənə xəyanət edən bir ünsürə görə Avropa Parlamenti Azərbaycana qarşı olmazın qərəzçilik kampaniyası aparmaqdadır. Maraqlısı da budur ki, avropalı parlamentarilər Azərbaycana qarşı qərəzçilik kampaniyası apararkən, dönüb özlərinin hansı "demokratik" dəyərlərinə baxırlarmı?! Yaxud Azərbaycanla bağlı qətnamə layihəsini Avropa Parlamentinin almaniyalı deputatı Aleksandr Graf Lambsdorf ALDE qrupu adından təqdim edərkən, öz ölkəsində iqrçilik, islamofobiya və s. haqqında düşünübmü?!
Dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Avropada baş verən pərdəarxası repressiyalar bu gün də davam edir
Guya Azərbaycandakı "repressiyalar", o cümlədən "hüquq müdafiəçiləri"nin həbsi, müstəqil mediaya "basqılar" və s. bu kimi qondarma iddialarla ölkəmizə qarşı basqı düzənləyən avropalı parlamentarilər unutmamalıdırlar ki, əgər onların özündə Leyla və Arif Yunuslar, eləcə də digərləri olsaydı, həmin insanları qeyd-şərtsiz həbs edər, üstəlik mətbuatlarında senzura da tətbiq edərdilər. Hər halda dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Avropada baş verən pərdəarxası repressiyalar bu gün də davam edir.
Beləliklə, qətnamə həqiqətə uyğun deyil və yenə də obyektiv araşdırma aparılmadan qəbul edilib. Avropa Parlamentində heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun bir daha ikili standartlar mövqeyinə istinad etdiyinin xəbərçisidir.
Eyni zamanda qətnamədə qeyd olunanların reallıqla heç bir əlaqəsi yoxdur!
Avropanın özü demokratik normalara tüpürür
Azərbaycanda müxalifət partiyaların və kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün yaradılmış imkanlar Avropa ölkələrindən heç də geri qalmır, hətta qibtə olunacaq səviyyədədir. Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına və zənginləşdirilməsinin qarşısının alınmasına yönəlmiş bir addımdır. Onu da vurğulayaq ki, Avropa Parlamentinin bu əsassız, ədalətsiz və qeyri-obyektiv, qərəzli qərarı Azərbaycanı demokratik dəyərlərə sadiqlik mövqeyindən döndərməyəcəkdir.
Gəlin bir daha demokratiyadan dəm vuran Avropaya nəzər yetirək. Məsələn, Almaniyanın Frankfurt şəhərində narazı kütlələr kansler Angela Merkelin iqtisadi siyasətinə və sosial problemlərin artmasına, insan hüquq və azadlıqlarının pozulmasına, rasizm və milliyyətçiliyin genişlənməsinə qarşı kəskin etirazları sərt şəkildə dağıdıldı. Aksiyalarda xüsusi təyinatlılar tərəfindən yüzlərlə insan - qocalar, qadınlar və gənclər həbs olundular. Dünyada demokratiyanın təhlilçisinə çevrilən Almaniya görəsən, etirazçılara qarşı vəhşiliklər törədəndə demokratiyanı yada saldımı?!
Qərb KİV-ləri Avropanın tam mərkəzində insan haqlarının pozulmasına, polis vəhşiliyinə niyə ictimaiyyətin diqqətini çəkmək istəmir, tam əksi hadisələrin üstündən keçir? Almaniya və digər Qərb ölkələri özlərini demokratik dəyərlərin qoruyucusu rolunda təqdim edirlər. Amma indiki durumda bu oyun heç də uğurlu alınmır. Mövcud vəziyyət həm sadə insanlar, həm də siyasi elmlə məşğul olan insanlar tərəfindən də başa düşülür. Bunun ən bariz nümunəsi olaraq isə Almaniya Bundestaqının üzvü Ulrix Vinkenin fikrini göstərmək olar: "Almaniya hakimiyyəti demokratik normalara tüpürür. Burada baş verənlər Almaniyanın nüfuzuna zərbədir. Polis faktiki olaraq minlərlə adam həbs edib".
Beləliklə, Avropa siyasətçilərinin riyakarlığı və ikiüzlüyü təəccüblü deyil. Onlar bunu ilk dəfə deyil ki, göstərirlər. Ancaq hər dəfə nə qədər yanıldıqlarını da çox gözəl anlayırlar. Bunu etiraf etməkdən isə utanırlar.
Rövşən NURƏDDİNOĞLU