Beynəlxalq Mətbuat Mərkəzində "Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması" layihəsinin Tövsiyə sənədinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İqtisadi Resursların Öyrənilməsi" İctimai birliyi təşkil edib. Təqdimatda nazirlik və baş idarələrin, Bakıda fəaliyyət göstərən universitetlərin, kütləvi informasiya vasitələrin nümayəndələri iştirak edib.İctimai Birliyinin sədri Ruslan Atakişiyev giriş sözü ilə çıxış edərək Tövsiyə sənədini tədbirin iştirakçılarına təqdim edib. O bildirib ki, Azərbaycanın qabaqcıl universitetlərinin ekspertlərinin iştirakı ilə "Azərbaycan-2020: Gələcəyə Baxış" inkişaf konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılması ilə bağlı təhsilin və elmin inkişafı qarşısında duran vəzifələr müzakirə olunaraq onların təklifləri əsasında Tövsiyə sənədi hazırlanıb: "Tövsiyə sənədində universitetlərdə tələbələrin praktikaya cəlb olunmasının genişləndirilməsi, biznes subyektləri ilə əməkdaşlığın artırılması, tədris laboratoriyalarının qurulması, "Ustad" dərslərinin təşkili, müsabiqəli maliyyələşmənin tətbiqi, elmi-tədqiqat işlərinin kommersilaşdırılması və s. üzrə təkliflər öz əksini tapıb".İqtisadçı qeyd edib ki, Tövsiyə sənədi həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Milli Məclisin Elm və Təhsil Komissiyasına, ali məktəblərə də göndəriləcək.
sia,az