Partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır
Bildiyimiz kimi, sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Belə ki, toplantı qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təşkil olunub. Toplantıda iştirak edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov vurğulayıb ki, digər toplantılarda olduğu kimi ənənələr davam etdirilərək, partiyadaxili məsələlər şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə olunur. Ümumrespublika müşavirəsi ilə bağlı YAP rayon təşkilatlarının sədrləri ilə söhbət etdik. Müsahiblərimiz də öz növbələrində qeyd etdilər ki, YAP bütün seçkilərdə qələbə qazandığı kimi, bələdiyyə seçkilərindən də zəfərlə çıxacaq.
YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov:
- Təbii ki, biz hər bir seçkiyə ciddi hazırlaşırıq. Bu amil keçirilən müşavirədə də vurğulandı. Cənab Əli Əhmədov da öz çıxışında qeyd etdi ki, bizim inamımız ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP-ın irəli sürdüyü namizədlər seçicilərimizin etimadını qazanacaqlar. Təbii ki, YAP Qaradağ rayon təşkilatı olaraq, biz də ötən dövr ərzindəki fəaliyyətimizə qiymət verir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələri müəyyənləşdirir və buna müvafiq də fəaliyyət göstəririk.
Bu ilin dekabrında keçiriləcək dördüncü bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etməklə partiyamızın namizədləri qələbələrini rəsmiləşdirəcəklər. Çünki YAP qələbə və zəfərlər partiyası olaraq, yalnız bu istiqamətdə qürurla irəliləməkdədir. Digər tərəfdən, hakim partiyanın malik olduğu bütün potensialı, gücü və nüfuzu da isbat edir ki, YAP yenidən bələdiyyə seçkilərində iştirak etsin.
Onu da deyim ki, ötən illər ərzində digər seçkili orqanlarla yanaşı, bələdiyyələr də mühüm təcrübələr qazanıblar. Bu illər ərzində Azərbaycanın bölgələrində bələdiyyələrin iştirakı ilə möhtəşəm irəliləyişlər baş verib. Buna misal olaraq bölgələrin iqtisadi inkişafından tutmuş bölgələrin simasını dəyişdirən layihələri, infrastruktur layihələrinin həyata keçirilməsini və regionlarda insanlar üçün yeni iş yerlərinin yaradılmasını və s. göstərə bilərik. Bu gün Qaradağda da bu kimi uğurlu proses tam ardıcıllığı ilə getməkdədir. Abadlaşan, gözəlləşən Qaradağ kimi, bütün Azərbaycan tərəqqi edir. Söz yox ki, bu faktoru da nəzərə alaraq deyə bilərik ki, burada bələdiyyələrin uğurları danılmazdır. Ona görə də biz də tam əminliklə deyə bilərik ki, biz qələbə qazanacağıq. Çünki YAP-ın hər bir üzvü yalnız və yalnız qələbə əzmi ilə çalışır, fəaliyyət göstərir.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev:
- Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanacaq. Çünki bu inam üçün kifayət qədər əsaslarımız var. Ötən həftə keçirilən müşavirədə çıxış edənlər də bu mənfliyi bir daha nümayiş etdirdilər. Həmçinin, onu da bildirmək istərdim ki, ötən seçkilər - istər parlament, istərsə də bələdiyyə seçkiləri dövrü əldə edilən naliyyətlər də onu göstərir ki, YAP-ın zəngin seçki təcrübəsi formalaşıb. Yəni hər qələbə özlüyündə yeni bir qələbənin əsasını qoyur. YAP da bələdiyyə seçkilərinə məhz bu əhval-ruhiyyədə hazırlaşır. Yüksək hazırlığı, gördüyü işlər, tətbiq etdiyi seçki texnologiyaları və ən əsası xalq sevgisi bu seçkilərdə də YAP-ın qələbə qazanacağını deməyə əsas verir.
Qeyd etmək istərdim ki, YAP Xaçmaz rayon təşkilatı bələdiyyə seçkilərinə çox ciddi və inamlı şəkildə hazırlaşır. Çünki rayon sakinlərimiz də orada fəaliyyət göstərən bələdiyyələrə inanır, xüsusilə, YAP-ın bələdiyyələrdəki nümayəndələri ilə sıx əlaqələrini qururlar. Bu isə bələdiyyənin xalqla daim təmasda olmasının, problemlərin həllində əzmlə çalışmasının sırf nəticəsidir. Məhz bu məqsədlə rayon təşkilatında verilmiş tövsiyyələrə əsasən işlər aparılır. Partiya rəhbərliyinin vurğuladığı kimi, bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək. Əminliklə vurğulamaq istərdim ki, bu seçki ili də ötən seçki illərində olduğu kimi zəfər ili qismində qələbə tariximizə yazılacaq.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva:
- Artıq məlumdur ki, dekabrda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ötən həftə bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən ümumrespublika müşavirəsində də qeyd edildi ki, YAP bu seçkilərə önəm verir və ona ciddi şəkildə hazırlaşır.
Başqa tərəfdən, artıq insanlarımız da bələdiyyələrin hansı istiqamətdə fəaliyyət göstərdiyinin fərqindədirlər. Yəni müasirləşmə və yeniləşmə bələdiyyə strukturlarında da özünü göstərib. Heç də uzağa getməyərək, Sabunçu rayonunda bələdiyyə işinin təkmilləşməsi də deyilən fikirləri kifayət qədər təsdiq edir. Bəli, artıq bələdiyyələr konkret olaraq insanlar üçün işlədiklərini anlayırlar və fəaliyyətlərini də bu istiqamətdə qururlar. Dördüncü dəfə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək insanlar bu strukturlardan daha çox yenilik gözləyirlər. Bu baxımdan da, YAP yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən şüarla bələdiyyə seçkilərinə hazırlaşır. Bütün Azərbaycan xalqının seçimi olan YAP-ın seçkilərə hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının timsalında görmək olar. Bu baxımdan, Yeni Azərbaycan Partiyası bələdiyyələrin fəaliyyətində effektivliyi artırmaq məqsədilə müxtəlif təşəbbüslərlə çıxış edib. Onlardan biri də məhz partiyamızın seçkilərə getdiyi şüardır: bələdiyyələr Azərbaycan xalqına yerlərdə daha ləyaqətlə xidmət etməlidir. Yəni hərtərəfli modernləşən, inkişaf edən Azərbaycanın vətəndaşları yerlərdə daha ləyaqətli xidmətlə əhatələnməlidir. Söz yox ki, bu dəfə də belə olacaq. Müəyyənləşəcək namizədlərimiz öz qələbələri ilə bütövlükdə YAP-ın gücünü nümayiş etdirəcəklər. Çünki YAP hər bələdiyyə seçkisində çalışır ki, namizədlər arasında qadınların və gənclərin sayı çoxalsın. Xatırladım ki, ötən siyasi kampaniyalar bir daha sübut etdi ki, qadınlar və gənclər seçki prosesinin aktiv iştirakçılarıdırlar. Bir sözlə, başlıca hədəflər bundan ibarətdir ki, bələdiyyələrin cəmiyyətin həyatında, ictimai- sosial məsələlərin yoluna qoyulmasında rolu artırılsın. Digər bir tərəfdən, bələdiyyələr öz səlahiyyətlərini və vəzifələrini daha yaxşı, daha keyfiyyətli yerinə yetirsinlər. İndidən seçkilərdə iştirak edəcək bütün namizədlərimizə uğurlar arzu edirəm.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev:
- Azərbaycanda bələdiyyələrin idarə olunması ilə bağlı bir sıra təkmilləşmə işləri həyata keçirilib. Biz bütün bu əhəmiyyətli amilləri sentyabrın 20-də keçirilən ümumrespublika müşavirəsində edilən çıxışlardan da, yerlərdə fəaliyyət göstərən bələdiyyələrin işlərində də şahidi olmuşuq. Təbii ki, işlərin formalaşması və reallaşdırlması istiqamətində YAP-ın rol alması da şübhəsizdir. Çünki YAP həm də xalqın partiyası olaraq, inam və etibarını qazanıb. Bu baxımdan, bütün seçkilərdə bizim namizədlərimiz ardıcıl qələbələrini qazanmaqdadır. Bu gün Biləsuvar rayonunda da fəaliyyət göstərən bələdiyyələr sosial və digər problemlərin həllində işini qurmaqdadır. Çünki məhz etimad qazanmaq gələcək seçkilərdəki qələbəni təmin edən əsas faktorlardandır.
Düzdür, bələdiyyələr özünüidarəetmə orqanı kimi Azərbaycanda yaranmış cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxslər bəzən bu orqanların konkret olaraq hansı fəaliyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamentdə də bir sıra qanunlar qəbul edilib, tədbirlər həyata keçirilib, bələdiyyələrə sosial baxış tamamilə dəyişib. Deməli, bu sahədə artıq təkmilləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır və qoyulur. Bütün bunlar isə onu göstərir ki, bələdiyyələrin fəaliyyəti, strukturu təkmilləşdirilir, yeniləşdirilir.
Beləliklə, biz bir daha tam əminliklə deyə bilərik ki, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq. Çünki partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır.
R.HÜSEYNOVA