PDF Oxu

Siyasət

  • 30

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Əli Əhmədov: "Bu gün Azərbaycan ərazi və əhali parametrlərinə görə kiçik ölkə olsa da əhəmiyyəti, regional siyasətdə rol oynaması, eləcə də Avropa məkanında siyasi proseslərə təsir etmək baxımından xeyli dərəcədə rolu yüksəlmiş bir dövlətə çevrilib"

Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri - Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov əvvəlcə sentyabrın 20-də Azərbaycanın həyatında önəmli bir rol oynamış, "Əsrin müqaviləsi" adını almış Ümummilli Lider Heydər Əliyevin müdrikliyi sayəsində reallığa çevrilmiş neft müqaviləsinin iyirminci ildönümünün tamam olduğunu, bununla əlaqədar olaraq Azərbaycanda böyük tədbirlərin keçirildiyini və bu tədbirlərdə bir sıra ölkələrin dövlət və hökumət nümayəndələrinin iştirak etdiklərini xatırlatdı. Əli Əhmədov onu da bildirdi ki, Azərbaycanda yeni qaz layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da inkişafı baxımından çox əhəmiyyətli bir hadisədir: "Bütövlükdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası Azərbaycanın bütün dünyada əhəmiyyətini ciddi şəkildə yüksəldibdir. Bu gün Azərbaycan ərazisi və əhalisi baxımından parametrlərinə görə kiçik ölkə olsa da əhəmiyyəti, regional siyasətdə rol oynaması, eləcə də Avropa məkanında siyasi proseslərə təsir etmək baxımından xeyli dərəcədə rolu yüksəlmiş bir dövlətə çevrilib. Bütün bunların nəticəsi olaraq Azərbaycanda çox tez-tez beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər keçirilir. Ölkəmiz bu mənada da Avropa məkanında cəlbedici dövlətə çevrilib".

Baş nazirin müavini, həmçinin 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç və dörddə bir mərhələsinin bir oyununun Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunduğunu da xatırlatdı. Əli Əhmədovun sözlərinə görə, bütün bunların hamısı ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlarıdır, bəhrələridir. Bu nailiyyətlər sadəcə Azərbaycan iqtisadiyyatının surətlə böyüməsində, insanların rifahının yaxşılaşmasında, Bakının və digər bölgələrimizin simasının dəyişməsində deyil, eyni zamanda, Azərbaycanın regional və beynəlxalq siyasətdə rolunun və əhəmiyyətinin artmasında özünü göstərir: "Bu gün Azərbaycan artıq sözün həqiqi mənasında dünyada böyük hörməti, böyük çəkisi olan dövlətə çevrilibdir. Bu, sadəcə olaraq Azərbaycanın böyük enerji ehtiyyatlarına malik olması ilə əlaqədar deyil, eyni zamanda bu ehtiyyatlardan ağılla, müdrikcəsinə səmərəli şəkildə həm öz dövləti üçün, həm dünyada enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən istifadə edilməsi ilə əlaqədardır. Azərbaycandan da çox enerji, neft və qaz ehtiyyatları olan ölkələr var. Ancaq bu ölkələrlə Azərbaycanın həyata keçirdiyi siyasətin müqayisəsi o fikri söyləməyə əsas verir ki, sərvətlərə malik olmaq hələ bu sərvətlərdən ağılla istifadə etmək üçün yetərli deyil. Sərvətlər o zaman sözün həqiqi mənasında milli sərvətə çevrilir ki, ondan müdrikcəsinə istifadə edilir, həm öz ölkəsinin vətəndaşlarının rifahının yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi mənafelərinə o resurslar xidmət göstərmiş olur, eyni zamanda, o ölkənin beynəlxalq əhəmiyyətinin, rolunun və çəkisinin yüksəlməsinə öz töfhəsini vermiş olur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin mahiyyəti də məhz bundan ibarətdir. Məhz bunun sayəsində Azərbaycan sürətlə inkişaf edir".

Əli Əhmədov, eyni zamanda vurğuladı ki, son 10 il ərzində Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir: "İnkişaf rəqəmlərini müqayisə etsək, ikinci bir ölkə yoxdur ki, 10 il ərzində iqtisadiyyatını üç dəfə artıra bilsin. Amma Azərbaycanın nailiyyəti, Azərbaycan dünyada bu qədər hörməti olan dövlətə çevirən sadəcə olaraq, iqtisadiyyatının üç dəfə artırılması deyil, eyni zamanda, düşünülmüş, müdrik regional və xarici siyasət yürütməsidir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq, Ermənistanı çıxmaq şərtilə, qonuşlarla normal münasibətlərin saxlanılması, balanslaşdırılmış xarici siyasət xəttinin uğurla həyata keçirilməsi - bütün bunların hamısı Azərbaycanın nailiyyətlərinin ayrı-ayrı fraqmentləridir. "Əsrin müqaviləsi"nin iyirminci ildönümü münasibətilə keçirilən tədbirlər ərəfəsində yenidən bu uğurlara nəzər salmaqla biz ötən 20 ildə ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi yüksəlişi daha aydın dərk etmiş oluruq. Sevindirici haldır ki, bu gün YAP-ın Sədri, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi xətti uğurla həyata keçirir, dəyişən dünyanın tələblərinə uyğun olaraq, bu strategiyanı daha da təkmilləşdirir və Azərbaycan bu strategiyadan faydalar götürməkdədir".

Müşavirədə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən danışıb. Bildirib ki, bu cür müzakirələr bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "Digər toplantılarda olduğu kimi, ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik. Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran işlərlə bağlı vəzifələr müəyyənləşdirilir və buna müvafiq olaraq da fəaliyyət göstərilir".

YAP Sədrinin müavini seçkilərə hazırlıqla əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verib. Toplantı müzakirələrlə davam edib.

R.KAMALQIZI

Digər xəbərlər