Sentyabr ayının 20-də "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən "Ən təmiz bağça" müsabiqəsinə yekun vurulub və 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı olub.
Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə RİH başçısının müavini Aygün Əliyeva çıxış edərək, "Təmiz Binəqədi" sosial layihəsinin mahiyyəti barədə məlumat verib. A.Əliyeva rayonda böyük maraqla qarşılanan bu sosial layihədə uşaq bağçalarının aktiv iştirakını qeyd edib. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırılaraq, diplomlarla təltif edilib.
Tədbirin bədii hissəsində müsabiqə iştirakçısı olan 8 bağça konsert proqramları ilə çıxış etmiş, körpə fidanların ifasında tamaşaçıların marağına səbəb olan bir-birindən gözəl musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib.
Tədbirin bədii hissəsi respublikamızın tanınmış incəsənət ustalarının ifası ilə davam etdirilib. "Təmiz Binəqədi" sosial layihəsinin simvolu sayılan "Yaşıl Adam" personajı "Təmiz Binəqədi" tortunu kəsib. Yekunda artıq ənənə halını almış aksiya keçirilərək aztəminatlı ailələrdən olan bir qrup yeniyetməyə Binəqədi rayon icra hakimiyyəti tərəfindən velosipedlər hədiyyə olunub.
ZÜMRÜD