PDF Oxu

Siyasət

  • 36

Bölgələrin iqtisadi inkişafı əhalinin sosial rifahını gücləndirir

Bölgələrin iqtisadi inkişafı əhalinin sosial rifahını gücləndirir

Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub. Əvvəlcə İsmayıllıya gələn dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri "İnam YR İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yüksək səviyyədə və zövqlə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib. Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var.

Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin başçısına İsmayıllıda görülən abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verdi. Ümumi sahəsi 1631 kvadratmetr olan binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Binada vətəndaşların qəbulu və gözləmə otaqları, mətbəx, yeməkxana, eləcə də texniki otaqlar yaradılıb. Burada 40-a yaxın iş otağı var ki, onların da hamısı zəruri avadanlıqla təchiz edilib. Əlli nəfərlik konfrans və 194 nəfərlik akt zallarında isə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Dövlətimizin başçısı inzibati binanın operativ idarəetmə otağı ilə tanış oldu.

Bildirildi ki, bu otaq ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Buradan rayonun 10 yaşayış məntəqəsi ilə birbaşa əlaqə yaratmaq mümkündür. Bu da əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəlməsinə və məsələləri operativ şəkildə həll etməyə imkan verir. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bildirildi ki, ikimərtəbəli bina yüksək zövqlə təmir edilib. İnşaat işlərində keyfiyyətə xüsusi diqqət yetirilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin İsmayıllıya səfərləri zamanı çəkilən fotolardan ibarət stendlər qurulub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. Burada 270 nəfərlik zal da yaradılıb. Zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Zalda rayonun həyatında baş verən əlamətdar hadisələrlə bağlı toplantılar keçirmək üçün geniş imkanlar var. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan inzibati binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə inzibati binada yaradılan şərait haqqında ətraflı məlumat verildi. Bildirildi ki, inşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binanın foyesində partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın müxtəlif qurultayları, iclasları və bu siyasi qurumun fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdəki iştiraklarını əks etdirən maraqlı fotolardan ibarət guşələr yaradılıb. Binada bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. İnzibati binada YAP Gənclər Birliyinin və Qadınlar Şurasının rayon təşkilatları da fəaliyyət göstərəcək. Binadakı 50 yerlik konfrans zalında isə partiyanın fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və sevgi daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına burada aparılan əsaslı təmir işləri barədə məlumat verildi. Bildirildi ki, ümumi ərazisi iki hektar olan bu istirahət mərkəzində balacalar üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağac və kollar əkilib, hovuz, kafe, 250 yerlik açıq kinoteatr, iki uşaq-əyləncə meydançası inşa olunub. Burada müxtəlif heyvan fiqurları qoyulub ki, bu da balacaların marağına səbəb olur. Bu istirahət ocağı İsmayıllının ən gözəl və görməli yerlərindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəldi.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı.

Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə "Qafqaz Yengicə Termal Hotel və SPA"-da yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur. Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçiriləcək. Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələ rayonuna səfəri çərçivəsində Gilan Qida Şəhərciyi ilə tanış olub. Gilan Qida Şəhərciyində müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir. Dövlətimizin başçısı "Gilan Holding"ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxdı. Qeyd edildi ki, artıq "Gilan Holding"in digər müəssisələrində istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, sərinləşdirici içkilər istehsalı müəssisəsindəki üç istehsal xəttində 9 növ qablaşdırmada 48 çeşiddə məhsul istehsalı planlaşdırılır. Müəssisədə saatda 10 min litr hazır məhsul istehsalı gücünə malik isti dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə lətli içkilər və soyuq çay istehsal olunacaq. Digər xətt saatda 36 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsalı üçün nəzərdə tutulub. Saatda 5 min litr hazır məhsul istehsal gücünə malik xətdə isə qazlı və qazsız su, qazlı sərinləşdirici içkilərin istehsalı planlaşdırılır. Yeni müəssisələrdə 380 nəfər daimi işlə təmin olunub.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili Qoşunların Qəbələdəki "N" saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısına məlumat verildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 5,5 hektar ərazidə salınan hərbi şəhərcikdə tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxanası, nəzarət-buraxılış məntəqəsi və zabit yataqxanası tikilib. Ərazidə geniş sıra meydanı yaradılıb, daxili kommunikasiya xətləri çəkilib, yaşıllaşdırma işləri görülüb. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub. Həmçinin burada qarovul məntəqəsi, hamam və camaşırxana, qazanxana və transformator yarımstansiyası, gözətçi qüllələri tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilib.

Sonra dövlətimizin başçısı hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr vurulub. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar əksini tapıb. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunub. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış oldu. Hərbi şəhərciyin ərazisində 30 mənzilli zabit yataqxanası da yaradılıb. Sonda dövlətimizin başçısı Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdiyi silah və texnika növlərinə baxdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 14,2 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəlidir. Tikinti işləri zamanı yolun Qaraçay üzərində olan hissəsində iki körpü inşa olunub. Bundan başqa, yol boyunca suötürücülər və avtobus dayanacaqları tikilib. Bu yolun əhəmiyyətini artıran ən mühüm amil onun 8 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcəklər.

Digər xəbərlər