Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası bu ilin dekabr ayında Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Artıq ötən həftə seçkilərlə bağlı partiyanın rayon və şəhər təşkilatlarının iştirakı ilə geniş müşavirə də keçirlib. Hazırlıqla bağlı təşkilat sədrləri də vurğulayıblar ki, YAP fəalları tərtib olunmuş fəaliyyət proqramına uyğun olaraq müəyyən hazırlıq işləri görürlər. Bununla bağlı qəzetimizə açıqlama verən rayon təşkilatlarının sədrləri bildiriblər ki, partiyanın bu seçkilərdə də qələbəsi şəksizdir.
Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının sədri:
- Bildiyimiz kimi, YAP hələ xeyli müddət bundan öncə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Məhz sentyabrın 20-də keçirilən geniş tərkibli müşavirədə də xüsusi olaraq vurğulanıb ki, artıq bələdiyyə seçkilərinin keçirilməsi ictimai rəydə də maraq oyadıb. Çünki ötən seçkilərdən sonra məhz YAP-dan seçilmiş bələdiyyə üzvləri öz işlərinin öhdəsindən uğurla gəliblər. O cümlədən, vətəndaşların sosial və digər problemləri qısa müddətlərdə həll edilib. Yerlərdə infrastrukturların yenilənməsi, təmir-abadlıq işlərinin böyük vüsət alması payında da bələdiyyələrin özünəməxsus yeri olub. Biz bu faktoru əsas götürərək, ölkənin inkişafında bələdiyyələrin rolunu daha da qabartmaq, artırmaq istəyindəyik. Digər tərəfdən, qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP qələbə qazansın, ənənəsinə uyğun olaraq yerli özünüidarə orqanlarında hakim partiya nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın belə bir qələbə qazanması üçün kifayət qədər əsaslar var.
Söz yox ki, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyə strukturu da bələdiyyəçilik amilində öz xüsusi rolunu oynayıb. Rayon ərazisində görülən bir çox əhəmiyyətli işlərin reallaşdırılmasında Nərimanov rayon bələdiyyəsi öz töhfələrini verib. Beləliklə, buzum də ölkəmizin inkişafında rolumuz olduğu üçün bundan fəxr hissi keçiririk.
Bu gün ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında xüsusilə bölgələrdə, aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşdırılması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişikliklər insanların həyatında və məişətində müsbət dəyişikliklər yaradıb. Əlbəttə ki, bütün bunların hamısı yerli özünüidarə orqanlarına seçkilərdə YAP-ın istinad edə biləcəyi böyük resursdur və biz inanırıq ki, məhz bu resursun sayəsində, Cənab Prezident İlham Əliyevin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq. Yerli idarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunma imkanları əldə edəcəklər. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən müşavirədə də bu amil xüsusilə vurğulandı. Əlbəttə ki, partiyamızı təmsil edən namizədlər də öz uğurlu platformaları ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər. Söz yox ki, YAP Nərimanov rayon təşkilatı da öz növbəsində bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir.
Ramiz Şabanov, YAP Tərtər rayon təşkilatının sədri:
- Bütün seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə və səylə hazırlaşır. Hesab etmək olar ki, cari 2014-cü il də Azərbaycanda siyasi fəallıq baxımından seçkilər ili sayılmalıdır. Məhz bu ilin dekabrında baş tutacaq bələdiyyə seçkiləri də sözügedən faktorun tərkib hissəsidir. Artıq partiyamızın rayon və şəhər təşkilatlarının iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı geniş tərkibli müşavirədə də keçirilmişdir. Müşavirədə partiya rəhbərliyi tərəfindən müəyyən təlimatlar, tövsiyə və tapşırıqlar verilib. Ona görə də artıq bələdiyyə seçkilərinə hazırlıq işləri gücləndirilib. Müəyyən proqramlar var və düşünürəm ki, bu ilin dekabrında keçiriləcək seçkilərdə də ciddi uğurlar əldə edəcəyik.
Tərtər rayon təşkilatı da öz növbəsində fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə YAP rəhbərliyindən rayon təşkilatına verilmiş tövsiyələrə əsasən işlər aparılır. Partiya rəhbərliyinin vurğuladığı kimi, bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək.
Əlbəttə ki, bu günə qədər qazandığımız seçki uğurları bilavasitə ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı müdrik və qətiyyətli siyasətinin məntiqi nəticəsidir. Bu siyasət gələcəkdə də davam etdiriləcək. Çünki YAP dünənin, bugünün, sabahın və gələcəyin partiyasıdır. Bu partiyaya yalnız və yalnız qələbə və zəfər yaraşır. Ona görə də bu kimi faktoru əsas götürərək, xüsusilə qeyd etmək istərdim ki, bu seçki ili də ötən seçki illərində olduğu kimi zəfər ili qismində qələbə tariximizə yazılacaq.
Rəfiqə KAMALQIZI