"Təəssüf ki, son günlər Azərbaycanın inkişafını gözü götürməyən dairələr, o cümlədən Avropa Parlamenti və Avropa Şurasının rəsmiləri ölkəmizlə bağlı əsassız bəyanat və qətnamələrlə çıxış edirlər". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı bu günlərdə növbəti qətnamə qəbul edən Avropa Parlamentini və Azərbaycanda QHT-lərin sıxışdırılması ilə bağlı çıxış edən ABŞ Prezidenti Barak Obamanı kəskin tənqid atəşinə tutub: "ABŞ prezidentindən soruşmaq lazımdır ki, terrora və terrorçuluğa şərait yaradan elə sizin özünüz deyilsinizmi? Əgər siz, terrorçuluğa şərait yaratmırsınızsa və guya terrorçularla mübarizə apardığınızı bəyan edirsinizsə, o zaman niyə terroru dövlət siyasəti səviyyəsinə qaldıran işğalçı Ermənistan barədə hər hansı tədbir görmürsünüz? Bu azmış kimi Avropa Parlamenti hansı cəsarətlə Azərbaycanda demokratiyanın olmamasından, insan haqlarının pozulmasından danışır? Axı, niyə özünüzdə olan problemlərdən, pozuntulardan danışmırsınız? Bütün bunların qarşılığında Azərbaycanla bağlı əsası olmayan ittihamlar ürəli sürülür, bəyanatlar verilir, qətnamələr qəbul edilir. Hesab edirəm ki, bu kimi hərəkətlər ədalətsizlikdən, eləcə də ikili standartların olmasından xəbər verir".
T. Rzayev onu da qeyd edib ki, bir sıra xarici təşkilatların Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri ittihamların heç bir əsaası yoxdur: "Bu məsələ bir neçə dəfə Avropa Şurasının bələdiyyələrlə bağlı müvafiq qurumunda müzakirəyə çıxarılıb və ölkəmizə qarşı əsası olmayan iradlar bildirilib. Bütün bunların hamısı yolverilməz və qəbulolunmazdır".
sia.az