"Əgər kimsə yalnız 5-6 nəfərin məsələsində güzəştə gedilməsi ilə Avropa Parlamenti və digər sifarişli qərar qəbul edən beynəlxalq qurumların Azərbaycana qarşı təzyiqlərini dayandıracağını düşünürsə, o zaman bu, yalnış düşüncə olardı". SİA-nın xəbərinə görə, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. "Beynəlxalq təşkilatlarda iştirak edən və ən çox rəsmi şəxslərlə görüşən biri olaraq deyə bilərəm ki, orada qırmızı xəttlə keçən bir fikir var ki, Azərbaycan özündən razı siyasət yeridir"- deyən Bahar Muradovanın sözlərinə görə, həmin fikirdə olanlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər: "Onların əsas istəyi bizi kiçik bir dövlət kimi cəzalandırmaqdır. Digər tərəfdən bu kimi addımların atılmasına səbəb ölkəmizin onların qarşısında alət olmamasıdır. Təbii ki, bu fərqi ayırd etmək elə də çətin deyil. Azərbaycan müstəqil ölkədir. Nə qədər ki, ölkəmizdə müxalifyönlü QHT-lər fəailiyyət göstərir, o zamana kimi belə siyahılar olub və bundan sonra da olacaq".Sədr müavini onu da əlavə edib ki, Azərbaycanın tutduğu yola heç kimin şübhəsi olmamalıdır: "Əgər şübhə olacaqsa, o zaman biz onların torlarına düşmüş olacağıq. Eyni zamanda beynəlxalq dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə xalqımız, nə də ölkəmiz istəmir. Bizim əsas istəyimiz odur ki, Azərbaycanda bu sahədə şəffalıq olsun. Hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir".Ölkədəki QHT-lərin fəaliyyətinə sərf etdiyi maliyyə barədə hesabat verməyin zəruri olduğunu deyən B. Muradova deyib ki, dövlət qurumlarının qrant alması ilə bağlı deyilən fikirlərlə razılaşmaq olmaz: "Bizi narahat edən qurumlardan fərqli olaraq, hökumət qurumları qrantları açıq və şəffaf şəkildə alırlar. Hansısa maraqlara görə heç bir hökumət təşkilatlarımızın xarici dairələrin əlində siyasi və başqa alətə çevrilməsinə dözə bilmirik. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu və ya digər nöqsanların aradan qaldırılmasında ancaq səbr və təmkin nümayiş etdiririk. Öz optimist siyasətimizi bizə qarşı təzyiqlərin əlinə vermək düzgün deyil. QHT-lərin qrant və maliyyə fəailiyyətinin şəffaflığını təmin etmək məqsədi ilə mövcud qanunda dəyişikliklərin edilməsini dəstəkləyirəm. Hər birimizin məsuliyyət hissini artıra bilən dəyişiklikləri yazılı şəkildə həyata keçirməliyik. Çünki bu bizim müstəqil dövlətimizin qorunması üçün atılan addımlardan biridir".
sia.az