"Azərbaycanın bugünkü sürətli inkişafı üçün bazis rolunu oynayan "Əsrin müqaviləsi"nin 20-ci ildönümü və "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimləri ərəfəsində Avropa Parlamenti tərəfindən təxribat xarakterli addım atıldı. Bu təsisat tərəfindən ssenariləşdirilən şəkildə qəbul edilən qətnaməni, məhz təxribat adlandırmaq lazımdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.Onun sözlərinə görə, Avropa Şurasının, ATƏT-in və digər Avropa institutlarının bütün ölkələr üçün qəbul edilmiş ümumi meyarları və tövsiyələri əsasında Azərbaycan bütün öhdəliklərini yerinə yetirir: "Bunun nəticəsidir ki, bu gün Azərbaycanda söz azadlığı, siyasi plüralizm, azad toplaşmaq hüququ tam şəkildə təmin edilib, azad mətbuat formalaşıb, ictimai sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən sərbəst fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir".Sədaqət Vəliyeva onu da əlavə edib ki, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət kimi özünü sübut etməsi prosesləri elə tez-tez ölkəmizə səfərə gələn avropalı siyasətçilərin gözü qarşısında baş verir: "Sual yaranır: bəs, nə üçün Avropa Parlamenti belə bir addım atıb? Cavab yalnız geosiyasi məsələlərlə və Azərbaycana qarşı olan ikili standartlı siyasətlə əlaqəlidir. Necə ola bilər ki, 700-dən artıq deputatın əvəzinə cəmi 40-45 nəfər qətnamə qəbul edə bilər? Əlbəttə ki, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə Azərbaycan qanunvericiliyini pozmuş, cinayət əməllərinə görə məhkəmə prosesində olan vətən xainləri barəsində olduğundan onun heç bir əhəmiyyəti yoxdur.Sadəcə bütün ölkələrdən demokratiya və ədalət tələb edən Avropa Parlamenti bəzi anti-milli ünsürlərə görə Azərbaycan məhkəmələrinə təzyiq etməyə çalışır. Bu cür açıq oyunların getdiyi bir zamanda Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir. Düşünürəm ki, regional və qlobal beynəlxalq təşkilatların bu cür ədalətsiz mövqeyinə qarşı hər bir Azərbaycan vətəndaşı konkret mövqe ortaya qoymalıdır. Dövlətçiliyimizin qorunması və haqq-ədalətin yerini tutması üçün bütün imkanlardan və resurslardan istifadə edilməlidir. Bu işdə media da öz aktiv rolunu oynamalı və kütləvi şüurun vahid sosial-siyasi institut kimi etiraz səsini dünya ictimaiyyətinə çatdırmalıdır".
sia.az