"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti bu ölkənin özünə çox ciddi problem yaratmaqdadır. Belə ki, işğalçı ölkə izolyasiya vəziyyətində düşdü və iqtisadiyyatı Azərbaycanın təşəbbüskar olduğu regional layihələrdən kənarda qaldı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Fransada olan erməni diasporunun Ermənistanda terrorun, orta əsrlərə aid idarəetmə rejiminin hökm sürməsinə dair bəyanatına münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, bu gün Ermənistan əhalisi ölkəni durmadan tərk edir: "Ermənistan prezidenti Serj Sarkisyanın apardığı millətçi siyasəti də cəmiyyətin özündə böyük narahatçılıq yaradıb. Sarkisyanın seçkilərinin böyük saxtakarlıqla olduğu və Ermənistan cəmiyyəti tərəfindən leqitim dövlət başçısı kimi seçilmədiyi göz önündədir. Son dövrdə isə aparılan siyasətin əks-sədası artıq çox ciddi qarşıdurmalarda, Ermənistanda terror hadisələrinin çoxalmasında və vətəndaş cəmiyyəti müharibəsinə gəlib çatmasında özünü göstərir. Artıq bir neçə gündür ki, Ermənistanda kütləvi aksiyalar başlayıb və ölkənin paytaxtı Yerevanda atəş səsləri eşidilir. Əlbəttə ki, bütün bunlar ilk növbədə, Ermənistanın apardığı siyasətin nəticəsidir. Qonşu dövlətin torpaqlarını işğal edən, onun ərazi bütövlüyünü tanımayan və beynəlxalq hüquq normalarını saymayan ölkə heç bir zaman sivil qaydalarla yaşaya bilməz. Hesab edirəm ki, Ermənistan Dağlıq Qarabağ siyasətində mövqeyini dəyişməyənə və sivil qaydalara bağlanmayana qədər onun daxilində bu problemlər durmadan artacaq".
sia.az