PDF Oxu

Siyasət

  • 33

"Mitinqə icazə verilsə, orada dava düşüb qan töküləcək"

"Mitinqə icazə verilsə, orada dava düşüb qan töküləcək"

Hafiz Hacıyev Əli Kərimliyə meydan oxudu

"Düşünmürəm ki, AXCP sədri Əli Kərimli və "Milli Şura"nın keçmiş prezidentliyə vahid namizədi Cəmil Həsənlinin də oktyabrın 12-nə keçirməyi nəzərdə tutduqları mitinq hədəflərimə çatmağa mane olsun. Ölkədə ən böyük və prezident seçkilərində iştirak edən partiya olaraq biz də Əli Kərimlinin separatçı hərəkatında sabitliyi pozmağa yönələn təxribatın qarşısını almaq üçün həmin gün eyni məkanda mitinq təyin etmişik. Əgər hər ikimizə icazə verilsə, o zaman mitinqdə əlbəyaxa dava ilə yanaşı, orada qan töküləcək". Bu fikirləri SİA-ya açıqlamasında "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, sədrlik etdiyi partiya Əli Kərimlinin bu kimi hərəkətlərinə son qoymaq üçün real hərəkətə keçmək fikrindədir: "Son günlər baş verən hadisələrdən sonra özləri də etiraf edir ki, onlar da ölkəmizin inkişafını qəbul edə bilməyən təşkilatlara qoşulub dəstək verəcəklər. Onlar da həmin təşkilatlar kimi Azərbaycandakı sabitliyi və inkişafı pozmaq istəyirlər".H. Hacıyev qeyd edib ki, bu gün partiya tərəfindən mitinqin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək: "Artıq bununla bağlı partiyamızın şöbə müdiri sənədə qol çəkib. Hərhalda bizim tərəfdarlarımız onların iştirakçılarından qat-qat çox olacaq. Mitinq baş tutduğu təqdirdə, Əli Kərimli ilə bizim aramızda vətəndaş müharibəsi başlayacaq. Əsas odur ki, biz əlbəyaxa döyüşə girməyə hər zaman hazırıq".Mitinqin keçirilməsi ilə bağlı İcra Hakimiyyətinin kimə icazə verməsi məsələsinə gəlincə partiya sədri əlavə edib ki, bu barədə heç bir fikir bildirə bilməz, çünki bu, İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir: "Azərbaycan demokratik dövlət olduğundan burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər iki partiya qeydiyyatdan keçib. Burada sadəcə "Milli Şura" söhbəti var. Çünki "Milli Şura" qeydiyyatdan keçməyən qocalar yığıncağıdır. Onlar da mitinqə qocaları qollarına salıb gətirə bilərlər. Əsl müxalifət "Müasir Müsavat" partiyasıdır"."İcra Hakimiyyətinin kimə icazə verilməsindən asılı olmayaraq, partiyamız mitinqə ciddi hazırlaşır. Bu gün də mitinq komitəsinin iclası keçiriləcək. Qurban bayramından sonra isə Respublika qadınlar şurasının müşavirəsini keçirməyi nəzərdə tuturuq. Hərhalda aktiv şəkildə siyasi partiyaya daxil olmuşuq. Düşünürəm ki, Əli Kərimli və Cəmil Həsənli kimilərinin axırına çıxmağın zamanı çatıb. İmkan verə bilmərik ki, Azərbaycanda bugünkü inkişafının qarşısı alınsın"- deyə, Hafiz Hacıyev məsələ ilə bağlı fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər