"Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyun hadisələri zamanı Azərbaycan xalqının təkidli tələbi ilə ölkəmizə siyasi hakimiyyətə qayıtdı. Bu tarixi qayıdış idi. Ümummilli Liderin qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı". Bu fikirləri SİA-ya millət vəkili Rauf Əliyev Azərbaycan xalqının dahi və tarixi xilaskarı Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə ölkə prezidenti seçilməsini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Onun prezident seçilməsi ilk olaraq, ölkədə ictimai-siyasi sabitlik yaradılması üçün əlverişli mühit formalaşdı: "Təbii ki, Ulu Öndərin qayıdışı xalqın böyük dəstəyi ilə prezident seçilməsi və ölkənin idarəçiliyinin həyata keçirilməsi prosesi davam etdi. 1993-cü il oktyabr ayının 3-də Azərbaycanda prezident seçkiləri keçirildi. Azad, demokratik, ədalətli, alternativ şəkildə keçirilən seçkilərdə Azərbaycan xalqının böyük və mütləq əksəriyyəti Ulu Öndərin qayıdışına, siyasətinə səs verdi. Bununla da, Ulu Öndər Azərbaycanı dağılmaqdan, fəlakətdən xilas etdi, müstəqilliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Azərbaycanı sabit, inkişaf edən ölkələr sırasına gətirmək üçün böyük, güclü imkanlar yaratdı. 1993-cü il oktyabrın 3-də xalqın dəstəyi ilə prezident seçilən Ulu Öndər 1998-ci ildə ikinci dəfə prezident oldu. Ulu Öndərin böyük siyasəti Azərbaycanı bölgənin lider dövlətinə, aparıcı ölkəsinə çevirdi. Ən başlıcası, ölkədə daxili sabitlik yarandı, insanların bir-birinə və dövlətə olan inamı bərpa edildi".
"Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi"-deyə xatırladan Rauf Əliyev onu da qeyd edib ki, nəticədə, Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək "Əsrin müqaviləsi" imzalandı, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edildi, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırıldı: "Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Ulu Öndərin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultdu və Ümummilli Liderimiz 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın prezidenti seçildi. Ulu Öndərdən başlanılan böyük yol bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yol Azərbaycanımız üçün, müstəqil dövlətimiz üçün daimi, əbədi yoldur. Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanın inkişafının bütün istiqamətləri ilə bağlı dəyərli, konseptual Proqram elan etdi. Onun bu Proqramı ideoloji, iqtisadi əsaslarımızı müəyyən etdi, ölkənin müstəqilliyini, dönməzliyini təmin edə bildi. Bəli, Ümummilli lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti bahasına dünyaya Günəş kimi doğan Azərbaycan indi beynəlxalq arenada tarixi ənənələrlə müasirliyin ən bariz sintezidir. Bu sintez Heydər Əliyev müdrikliyi və xalqın birliyindən yaranıb."
sia.az