IV Bakı Humanitar Forumda Nobel mükafatı laureatları çıxış etdi
Bu gün IV Bakı Humanitar Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin sədrliyi ilə panel keçirilib.
Paneldə çıxış edən A. Əlizadə bildirib ki, Forum ildən- ilə sərhədlərini genişləndirir: "Bu forum alim və siyasətçilərin marağını daha çox cəlb edir. Forumda bir çox aktual məsələlər nəzərdən keçiriləcək, geniş fikir mübadiləsi aparılacaq. Forumda 8 dəyirmi masa üzrə aparılan müzakirələrə ABŞ, Norveç, İsrail və digər ölkələrdən gəlmiş nobel mükafatçıları qatılacaqlar. Forum öz işində müxtəlif dünya liderlərini görkəmli şəxsiyyələri bir araya gətirir. Forum iştirakçıları həm də ölkəmizin tarixi, milli mədəniyyəti, elmi və digər sahələrdə əldə etdiyimiz nailiyyətlərlə tanış ola biləcəklər. Forum müxtəlif ölkələrin problemlərinin həlli ilə yadda qalacaq".
Daha sonra Nobel mükafatçılarının çıxışı başlanıb.
Fiziologiya və tibb elmləri üzrə Nobel mükafatçısı Ervin Neher çıxış edib. O bildirib ki, beyinlə bağlı bir çox xəstəliklərin müalicəsi mümükündür: "Beyin hüceyrəsində siqnallar birindən digərinə ötürülür. Son 10 ildə bu xəstəliklərin müalicəsi ilə bağlı mühüm biliklər öyrənilib, nəticələr əldə olunub. Çində, Yaponiyada bununla bağlı müxtəlif proqramlar və layihələr həyata keçirilir. Proqres o zaman əldə oluna bilər ki, sizin əldə etdiyiniz nailiyyətləri digərləri qəbul edib, öz problemlərinin həllində istifadə edə bilsin".
Kimya üzrə Nobel mükafatçısı Rudolf Artur Markus çıxışında deyib ki, 20-30 il öncə diqqətini bir molekul ətrafında birləşdirib onu araşdırırdı. Lakin illər ötdükcə görürük ki, iqtisadi depressiyalar yaranır. Bəs, biz elmi işçi kimi bunun üçün nə kimi töhfə verə bilərik? Vaxt artıq bizim xeyrimizə deyil, biz daha sürətlə getmək istəyirik. Əgər biz dünya problemlərini yaxşı anlamasaq, onun həllinə çalışa bilmərik".
Kimya üzrə Nobel mükafatçısı Kelli Muller isə bildirib ki, biz bugünkü problemlərin həllinə nə kimi yardım edə biləcəyimizi düşünməliyik: "Hər kəs bizi barmaqla göstərib deyə bilər ki, siz elmi işçisiz və bu problemlərin həllinə yardım etməlisiz. Dünyada elə problemlər var ki, onlar illərdir ki həllini tapmır. Biz bir dairə üzrə gedirik, lakin bu dairə getdikcə genişlənir, nəsillər bir-birini əvəz edir, lakin ədavət bitmir, nifrət qalır. Digər insanlara qarşı zorakılıq hərəkətlərin tətbiq edilməsi, cinayətlərin törədilməsi ilə bağlı nəsə eşitdikdə bizdə həmin insanlara qarşı nifrət oyanır. Lakin biz düşünməliyik ki, bunlar nədən törənir. Bu gün bir-birimizə hörmət etməli, sevməliyik. İnsan elə məxluqdur ki, o, fərqli şəraitə düşdükdə ondan hər cür hərəkət gözləmək mümkündür. Ona görə də biz çirkin əməllərin qarşısını almaq üçün insanları o hərəkətə məcbur edən amillərin nədən ibarət olduğunu tapmalı və onun qarşısını almağa çalışmalıyıq".
Tibb elmləri və fiziologiya üzrə Nobel mükafatçısı Rudolf Martin Tsinkamagel infeksiya xarakterli xəstəliklərdən danışıb: "Bu gün biz qarşımıza məqsəd qoysaq buna nail ola bilərik. Ancaq söyləməklə iş bitmir, biz insan biologiyasını anlamalıyıq. Son 20 ildə yeni nəsil yaratmışıq. Yeni biologiyaya yeni baxışla baxmalıyıq. 25-30 yaşından sonra baş verən xəstəliklər, şişlər və bu kimi ağır problemlər artıq biologiya ilə bağlı deyil. Çünki onların insan nəslinin qorunub, saxlanmasına təsiri yoxdur".
Fizika üzrə Nobel mükafatçısı Robert Betts internet və telefonun insan həyatına təsiri barədə danışıb:" Televizor və internetin yaradılması ilə dünya dəyişib. İndi kompyuterlər insanların yerinə qərar qəbul etmək imkanına malikdir. Kompyuter insandan dəfələrlə sürətli hesablamaq gücünə malikdir. Proseslər sürətlənib. Cəmiyyət artıq bunu qəbul edib. Qərarların qəbulu sürətlənib. İndi elə şeylər bilirik ki əvvəlki nəsillər bu haqda bilmir, heç məlumatlı belə deyildilər. Kompyuterin səhv etmək ehtimalı sıfıra bərabərdir. Texnologiyanın sonu yoxdur. Mənim ölkəm internetə qoşulub ona görə ki informasiya mübadiləsi aparır. Bəzi ölkələr interneti bağlayır insanları bundan məhrum edir. Sürətin bu dərəcədə xeyli artması inqilab deyil, dərhal sürətlə irəliləyə doğru getməkdir".
Kimya üzrə Nobel mükafatçısı Kurt Vütrix deyib ki, bizi birləşdirən araşdırmalarımızı davam etməliyik:" Dünyanın hər bir yerində vurğu, adi araşdırmadan daha çoxtərəfli, çoxhissəli araşdırmalara doğru gedir. Əgər söhbət yeni mövzulardan gedirsə ,bu sahələr üzrə yeni araşdırmalar aparılır. Maqnit rezonans fonameni bu gün effektli biznes fəaliyətinə çevrilib. Bu gün hər bir xəstəxanada diaqnozlar maqnit rezonanslar tərəfindən qoyulur. Bu üsul daha çox tibb sahəsində istifadə olunur. Ona görə ki əvvəllər bu sahənin bu qədər geniş imkanlar yaradacağını bilmirdik".
İqtisadiyyat üzrə Nobel mükafatçısı Fin Kidland bir çox ölkələrin iqtisadi böhrandan qurtulduğunu dilə gətirib:" Lakin buna baxmayaraq bu gün istehlak gözlənildiyindən aşağıdır. Avrozonada problemlər Yuanıstandan başladı. İtaliya, İspaniya, Portuqaliya və İrlandiyada da bu problem gözlənilir. Bu ölkələrdə problem onların Avropa Birliyinə üzvlüyü ilə bağlıdır. Problem etiraf edildi, lakin onun həlli üçün heç bir tədbir görülmədi. 90-ci lllərin sonunda onların vergi siyasəti dumanlı idi. Həmin ölkələrin Milli Bankların ödəmə qabiliyyəti kifayət qədər zəiflədi. Ölkənin borcları kəskin şəkildə artdı. İrlandiya belə problemlərə malik olan ölkə kimi görünmürdü. 2008-ci ildəki dünya iqtisadi böhran bizə dərs oldu. Gələcək üçün konkret siyasətimiz olmalıdır".
Fizika üzrə Nobel laureatı Deyvid Qross bildirib ki, cəmiyyətdə olan problemlər təbiətdən qaynaqlanır:" Cəmiyyətdə düzgün, sağlam rəqabət olmalı, biri digərindən nümunələr götürməlidir. Dünya müharibəsindən sonra bir sıra ölkələrdəki müharibələrə ölkələr özləri məsuliyyət daşıyırlar. Bu gün dünyada iqlim dəyişiklikləri mövcuddur. Müharibələri güc hesabına həll etməyə çalışmayın. Xalqlar öz səylərini birləşdirməlidirlər. Münaqişələri bomba il həll etməyə çalışmamalıyıq. Çünki, qarşıda bizi nə gözlədiyini bilmirik. Biz elmdə çətin və mümkün olmayan arzunun reallığa çevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik. Biz bu tərzdə işləməliyik".
Fizika üzrə Nobel laureatı Teador Volfqanq Henş Azərbaycanda humanitar dəyərlər üstünlük verilməsini yüksək qiymətləndirib:"Azərbaycanda qara qızılın insan qızılına çevrilməsi ilə bağlı mühüm işlər görülüb. Bu, çox mühüm bir addımdır. Gələcəyimizə qoyulan sərmayə ən yaxşı sərmayədir".
Panelin davamında Fizika üzrə Nobel laureatı, Corc Ficerald Smutt, Kimya üzrə Nobel laureatı xanım Ada Yonat, İqtisadiyyat üzrə Nobel mükafatçısı Piter Artur Daymond, Fiziologiya və tibb üzrə Nobel laureatı Tomas Kristian Züdhof, Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel və digərləri çıxış ediblər.
sia.az