"Avropa Parlamentinin Azərbaycan haqqında bəyanatının arxasında hansısa maraqlar, erməni lobbisi ilə bərabər Azərbaycanın Avropa ilə sıx əməkdaşlıq etməsini istəməyən güclər var. Onlar istəmir ki, Azərbaycan tam inkişaf edərək Avropanın ən güclü dövlətlərindən birinə çevrilsin". Bu barədə AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli "Səs" qəzetinə açıqlamasında bildirib. İ.Həbibbəylinin sözlərinə görə, bu qərar qərəzli olmaqala yanaşı, həm də qeyri-səmimidir və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir: "Məncə Avropa adında olan bir təşkilatın belə düşmənçilik mövqeyində dayanmağında əsas məqsədi Azərbaycana zərbə vurmaqdır. Belə qərəzli bəyanatları ilə Avropa Parlamentini özünü nüfuzdan salır. Çünki 10 ildir ki, ölkəmiz uğurlu inkişaf yolundadır. Dünyada qazandığı özünəməxsus imici var, eyni zamanda Cənubi Qafqaz regionunda lider dövlətdir. Avropa Parlamenti bu qərəzli və qeyri-səmimi bəyanatları ilə öz nüfuzunu itirir".
Millət vəkili onu da vurğuladı ki, necə olur ki, 20 ildən çoxdur ki, Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunub, burada insanların hüquqları pozulub, amma onların heç bir hesabatında bu barədə bir kəlmə də fikir bildirilməyib: "Ona görə də Milli Məclis bununla bağlı bəyanatla çıxış edərək sərt mövqeyini bildirdi. Çünki Avropa Parlamentinin bəyanatına sərt mövqe bildirməsək, belə qətnamələr davamlı olacaq. Eyni zamanda belə qərəzli mövqe nümayiş etdirən qurumda qalıb-qalmamaqla bağlı ciddi addım atılmalıdır".
RƏFİQƏ HÜSEYNOVA