Dünən YAP Biləsuvar rayon təşkilatının idarə heyətinin bələdiyyə seçkilərinə hazırlıqla bağlı növbəti iclası keçirilib. İclasın gündəliyində 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək bildirib ki, YAP xeyli müddət əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP qələbə çalsın, ənənəsinə uyğun olaraq yerli özünüidarə orqanlarında hakim partiya nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik.
K.Mirzəyev bildirdi ki, YAP-ın bütün seçkilərdə qələbə qazanmasının əsasları var: "Belə ki, bu gün ölkədə Prezidentin rəhbərliyi altında respublikamızın bütün regionlarında aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşdırılması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişikliklər bütün bunların hamısı regionlarda insanların həyatında, məişətində müsbət dəyişikliklər yaradıb. Sözsüz ki, bütün bunların hamısı yerli özünüidarə orqanlarına seçkilərdə YAP-ın istinad edə biləcəyi böyük resursdur. Biz inanırıq ki, məhz bu resursun sayəsində ölkə Prezidenti Cənab İlham Əliyevin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində ancaq böyük uğur qazanacaq. Onu da vurğulamaq istərdim ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən müşavirədə də bu amil xüsusilə vurğulandı. Əlbəttə ki, partiyamızı təmsil edən namizədlər də öz uğurlu platformaları ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər. Bu baxımdan YAP Biləsuvar rayon təşkilatı da öz növbəsində bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir".
Rayon təşkilatının sədri onu da vurğuladı ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də gənclərə və qadınlara daha böyük üstünlük veriləcək. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək. K.Mirzəyev, həmçinin qeyd edib ki, bu günə qədər qazandığımız seçki uğurları bilavasitə ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı müdrik və qətiyyətli siyasətinin məntiqi nəticəsidir: "Bu siyasət gələcəkdə də davam etdiriləcək. Çünki YAP dünənin, bugünün, sabahın və gələcəyin partiyası olmaqla yanaşı, həm də qələbə və zəfər partiyasıdır".
Sonda idarə heyətinin sözügedən məsələ ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr verilərək, müvafiq qərar qəbul edilib.
Ü.ƏSGƏROV