Bu mövzuda YAP Ağcabədi rayon təşkilatında müşavirə keçirilib
YAP Ağcabədi rayon təşkilatında təşkilatın qadınlar şurası, rayon gənclər birliyi və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin təşkilatçılığı ilə "Qadınlar və Gənclərin bələdiyyə seçkilərində fəallığı" mövzusunda müşavirə keçirilib.
Müşavirədə YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva məruzə ilə çıxış edərək, son dövrlər rayonda qadınların ictimai işlərdə fəallığından danışaraq, bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların aktiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirak etməyə çağırıb. Natiq vurğulayıb ki, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurası növbəti bələdiyyə seçkilərində qadınların və gənclərin təmsilçiliyinə xüsusi önəm verəcək. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən ən fəal, əhali arasında nüfuzu olan, intellektual cəhətdən inkişaf etmiş qadınlar və gənclər üstünlük təşkil edəcək.
Məruzədən sonra Gənclər üçün Təhsil Mərkəzi tərəfindən hazırlanmış "Bələdiyyələr", "18 yaşına çatmış vətəndaşların aktiv seçki hüququ", "Seçkilərdə iştirak qaydaları" mövzusunda hazırlanmış videoçarxlar nümayiş etdirilib.
YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr əvəzi Nicat Axundov, rayon təşkilatı qadınlar şurasının üzvü, Gənclər üçün Təhsil Mərkəzinin ofis rəhbəri Radə Telmanqızı, Ağcabədi bələdiyyəsinin üzvü, iqtisadi inkişaf komissiyasının sədri Füzuli Yusifov, rayon təşkilatı qadınlar şurasının üzvü, rayon icra hakimiyyəti başçısının müavini Leyla Əsgərova çıxış edərək bələdiyyələr və onların fəaliyyəti barədə ətraflı məlumat veriblər, qadınların və gənclərin bələdiyyə seçkilərində fəal iştirak etmələri üçün tövsiyyələrini veriblər.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov çıxış edərək bildirib ki, növbəti bələdiyyə seçkilərində qələbə qazanmaq üçün rayon təşkilatı bütün təşkilati və hazırlıq işləri ilə ciddi məşğuldur. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq mövcud qanunvericilik əsasında seçkilərə start verildikdən sonra bütün prosedur qaydalarına əməl ediləcək. O bildirib ki, artıq seçki qərargahı yaradılmış, müşahidəçi və mərvərətçilər, imza toplayan YAP fəalları və təşviqat qrupunun üzvləri müəyyən edilmişdir: "Biz siyasi partiya olaraq YAP-dan bələdiyyə üzvlüyünə namizəd irəli sürərkən qadınlara və gənclərə daha çox üstünlük verməyi planlaşdırmışıq. Əminəm ki, görülən işlər onu deməyə əsas verir ki, növbəti bələdiyyə seçkilərində də öz sözümüzü deyə biləcəyik".
Sonra müşavirədə iştirak edən gənclər və qadınlar diskussiya şəklində öz fikirlərini bildiriblər. Onları maraqlandıran suallar cavablandırılıb.
ZÜMRÜD