İlham Əliyev: "Yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcək"
Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev nitqində diqqətə çatdırıb ki, dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin:
"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Bütün qonaqlara "Xoş gəlmisiniz" deyirəm. Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə çevrilib. Forum dördüncü dəfədir ki, keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, Foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.
Biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk."
Prezident İlham Əliyev qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir. Dövlət başçısı qeyd edib ki, əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir:
"Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir. Bu gün "Bakı prosesi" yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır.
Əminəm ki, Forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik. Əlbəttə, hesab edirəm, sirr deyil ki, bu Forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaqdır."
Prezident İlham Əliyev diqqətə çatıdırb ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşib, Azərbaycanın ərazi bütövlüyü pozulub:
"Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilibdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir.
Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayır."
Dövlət başçısı bildirib ki, təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilib. Təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır: "Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər. Səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir.
Bizim mədəniyyətlə bağlı təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o cümlədən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir. Bu məscid 743-cü ildə Şamaxı şəhərində tikilmişdir və müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir. O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azərbaycanda pravoslav kilsələr, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Yəni, bu, bizim böyük sərvətimizdir və bir daha demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamətdə uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər.
Biz, eyni zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk. Çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcək."
Prezident qeyd edib ki, işsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yeri yaradılıb və işsizlik də kəskin şəkildə aşağı düşüb: "İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur.
Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Büdcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin etmişdir. Əlbəttə, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, "qara qızıl"ı insan kapitalına necə çevirmək, - artıq biz buna nail olmuşuq, - sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.
Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. Hesab edirəm ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz, iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaqdır."
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış etdi: "Şübhə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü və himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ilbəil artır. Onu qeyri-rəsmi şəkildə intellektual Davos adlandırırlar. Mənim fikrimcə, xüsusən indiki beynəlxalq şəraitdə, humanitar forumun əhəmiyyəti iri və mühüm beynəlxalq iqtisadi forumların əhəmiyyətindən heç də az deyil. Bu, qanunauyğun nəticədir və Forumun həqiqətən humanist, birləşdirici xarakterini və onun iştirakçılarının elm, təhsil, mədəniyyət və incəsənət sahələrində sıx qarşılıqlı əlaqələri dərinləşdirməyə yekdilliklə cəhd göstərməsini əks etdirir. Qeyd etmək lazımdır ki, hələ antik dövrdə yaranmış humanizm bizim dövrdə də baza dəyəri olaraq qalır. Bu, insan ləyaqətini təsdiqləmək, mənəvi dəyərləri həm gündəlik həyatda, həm də siyasətdə təsbit etmək istəyidir. İnsan bütün dəyərlərin meyarıdır. Qədim yunan filosofu Protaqorun bu klassik formulu bütün dövrlərdə aktual olub və aktual olaraq qalır. İntibah dövründən başlayaraq humanizm böyük yaradıcı şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ayrılmaz keyfiyyətidir. Françesko Petrarka deyirdi: "Həqiqətən nəcib insan dünyaya gələndə böyük qəlbli olmur, o, öz əməlləri ilə özünü ucaldır". Bununla bərabər, humanizm əqidəsi təkcə antik dövrün, İntibah dövrünün və sonrakı dövrlərin dahilərinin əsərlərinin yekunu deyil, həm də müxtəlif mədəniyyətlərə və müxtəlif dinlərə mənsub olan sadə insanların neçə-neçə nəslinin həyat təcrübəsidir." Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark çıxış edib.
H. Klark qeyd edib ki, Azərbaycan digər zəngin təbii sərvətlərə malik ölkələrə zənginliyin insan potensialının inkişafına necə yardım edə bilməsində nümunə ola bilər. Azərbaycanda bir çox illər ərzində yoxsulluğun səviyyəsi azalır, sosial sahəyə investisiyalar qoyulur, əməkhaqqı artır: "Azərbaycanın inkişafı üçün insan potensialının səviyyəsinin artmasının xüsusi əhəmiyyətini dərk edərək biz bu məsələnin irəliləyişində ölkəni tamamilə dəstəkləyirik. Azərbaycanın inkişaf sahəsində başqa ölkələrlə təcrübə mübadiləsi üçün bütün imkanları var".
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti göstərildi. Daha sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək, Bakı Beynəlxalq Humanitar Forumununəhəmiyyətindən danışıb: "Bakıda dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üzrə onlarla beynəlxalq konfrans keçirilib və onlardan bəziləri o qədər uğurlu olub ki, İSESKO həmin forum və görüşlərin bəzilərinin təşkilində iştirak etdiyinə görə fəxr edir".
Onun sözlərinə görə, belə tədbirlər keçirməklə Bakı özünün qədim ənənələri ilə diqqəti cəlb edib və dünya üçün bu qədər vacib olan beynəlxalq humanitar forumun keçirilməsi üçün ideal platforma kimi özünü layiqincə təqdim edib. İSESKO baş katibi bildirib ki, forum hökumətlər, regional və beynəlxalq təşkilatlar, yerli cəmiyyətlər səviyyəsində əməkdaşlığın inkişafı üzrə göstərilən qlobal səylərdə əhəmiyyətli mərhələdir.
O, bu forumu ümumdünya əməkdaşlığının həqiqi ifadəsi kimi qiymətləndirdiyini və onun uğurlu olması üçün dəstəklənməsini, təşviq edilməsinin vacibliyini qeyd edib.