"Bakı Beynəlxalq Humanitar Forumunun dünyada miqyası daha da genişlənir. Bunun sübutudur ki, dünyanın 60-dan çox nümayəndə heyəti Foruma qatılıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında AzərTac-ın Baş direktoru Aslan Aslanov deyib.
Onun sözlərinə görə, Bakı Humanitar Forumunun ötən gün keçirilən iclasında Prezident İlham Əliyevin dərin məzmunlu nitqində, bir sıra xarici ölkələrin sabiq prezidentlərinin məruzələrində, Nobel laureatlarının çıxışlarında forumun fəaliyyəti yüksək qiymətləndirilib: "Hətta Bakı Beynəlxlaq Humanitar Forumu Davos İqtisadi Forumu ilə müqayisə olundu. Belə fikirlərdə səsləndi ki, artıq Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi forumu səviyyəsinə qalxıb və dünyanın bütün ölkələrində özünə hörmət qazanıb. Bu forumun mətbuat bölümünə artıq neçə illərdir ki, AzərTAc təşkilatçılıq edir. Bu il də biz, forumun mətbuat bölməsinə ciddi hazırlaşmışıq".
"Bu gün dünyamız çox sürətlə dəyişir. Bu dəyişiklik həyatımızın bütün sahələrinə nüfuz edir. Bu da mətbuatın üzərinə xüsusi vəzifələr qoyur. Yaşadığımız əsrin ötən 14 ilində ənənəvi media ilə sosial media arasında çox ciddi rəqabət başladı. Sözün həqiqi mənasında internet jurnalistikası ənənəvi medianı ciddi sürətdə sıxışdırır. XXI əsrin bu günündə jurnalistikanın yeni bir sahəsi yaranır ki, bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrində öz yerini tutur. Bu gündə bu mövzular forumda müzakirə olunur. Çünki bu mövzular hər kəsi narahat edir. Ancaq düşünürəm ki, narahatlığa ciddi əsas yoxdur. Həm sosial, həm də ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək və onlar bərabər sürətdə cəmiyyətin bütün problemlərinin həllində yanaşı addımlayacaqlar".
sia.az