"Münaqişənin həll edilməsi üçün Fransa perzidenti Fransua Ollandın təşəbbüsü müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Azərbaycan tərəfdən heç bir problem yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı Ermənistan-Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi gözləntilərinə və Fransanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər Fransa həqiqətən də münaqişənin sülh və ədalət yolu ilə həllinin tərəfdarıdırsa, bu zaman Ermənistanın işğalçılıq siyasətinə etirazını bildirməlidir: "Əgər Fransa həqiqətən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini istəyirsə, onda Ermənistana təzyiq etməlidir. Yalnız bu halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılacaq danışıqlarda müəyyən nəticələrin əldə olunacağına ümid bəsləmək olar".
sia.az