AÇIQLAMA
"Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu baxımdan, Fransa prezidentinin vasitəçilik təşəbbüsü müsbət sayıla bilər. Amma məlum olduğu kimi, artıq dəfərlərlə həmsədr dövlətlərin rəhbərlərinin bu təşəbbüsdə olmaları ilə bağlı məlumatlar yayılıb". Sözügedən fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə prezidentlərin görüşü ərəfəsində Fransanın Dağlıq Qarabağ münaqişəsindəki təşəbbüskar rolundakı çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər görüş baş tutsa, burada hər hansı bir irəliləyişi gözləmək olar: "Görüş baş tutsa irəliyə doğru bir addım atıla bilər. Hansısa prinsipial və razılaşdırılmayan məsələlər üzərində bir daha müzakirələr aparıla bilər. Amma son vaxtlar Azərbaycan - Rusiya münasibətlərinin daha da yaxşılaşması və Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Soçi görüşünü təşkil etməsi, o cümlədən Rusiya siyasətçilərinin Azərbaycana münasibətinin dəyişməsi onu deməyə əsas verir ki, bu məsələdə Rusiya önə çıxa bilər".
Millət vəkili hesab edir ki, Fransa və ABŞ-ın əvvəlki mövqelərini itirməmək üçün təşəbbüskar rolunda çıxış etmələri bir sıra amilləri ortaya çıxarır: "Məhz bu kimi amillərə görə, Fransa və ABŞ öz varlıqlarını göstərmək üçün görüşlər keçirilməsi ideyası ilə çıxış edirlər. Ümumiyyətlə dövlət başçılarından tək gözləntimiz münaqişənin həllindəki mövqelərində səmimi olmalarıdır. Ümid edirəm ki, Rusiya və Fransa dövlət başçıları son vaxtlar sərgilədikləri təşəbbüslərlə Dağlıq Qarabağ probleminin həllinə müəyyən qədər kömək olacaq".
sia.az