"Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin əsas atributlarından olan söz, vicdan, siyasi və mətbuat azadlığı təmin olunub". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üçüncü müddətə Prezident seçilməsindən ötən bir il ərzində milli mətbuatımızın inkişafı sahəsində əldə olunan uğurlardan danışarkən deyib.Baş redaktor deyib ki, eyni zamanda milli mətbuatın inkişafı üçün Azərbaycan dövləti tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilir: "Onların bir qismi milli mətbuatımızın nümayəndələrinin sosial-məişət problemlərinin həlli, bir qismi isə milli mətbuatımızın iqtisadi əsaslarının yaradılması, davamlı təmin edilməsi ilə bağlı olub. Başqa bir qismi isə Azərbaycanda mətbuat işçilərinin peşə nüfuzunun artırılması ilə bağlı olub. Bu şaxələnmiş diqqət və qayğı milli mətbuatımızın yeni keyfiyyətdə, əsaslarda formalaşmasını təmin edib".H.Babaoğlu bildirib ki, milli mətbuat, milli informasiya məkanı mili təhlükəsizliyə xidmət edən vasitədir: "Bunları nəzərə alan Azərbaycan hakimiyyəti milli mətbuatımızın hüquqi əsaslarda inkişaf etməsi üçün ciddi tədbirlər həyata keçirib. Bu gün Azərbaycan mətbuatı sözün həqiqi mənasında regionun aparıcı milli mətbuat nümunələrindən birinə çevrilib".Onun sözlərinə görə, dünya qlobal informasiya məkanının, transmilli medianın və milli mətbuat məkanlarına ötürülən informasiyaların müxtəlif məqsədləri var: "Ona görə də milli mətbuatın qorunması, onun potensialının milli maraqlara yönləndirilməsi olduqca vacib məsələdir ki, bu gün Azərbaycan dövləti buna nail olub. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Ona görə də informasiya Azərbaycan cəmiyyətində daha böyük əhəmiyyət kəsb edir. Bu informasiyanın idarə olunması üçün də dövlət tərəfindən müvafiq tədbirlər görülür. Əgər hər bir ölkənin milli informasiya məkanı dövlət və ya milli mətbu icması tərəfindən idarə olunmasa, mütləq kənardan kimlərsə, milli mətbuat məkanını idarə edəcək. Ona görə də bu gün milli mətbuat, Azərbaycan dövləti öz milli informasiya məkanının sahibidir və təhlükəsizliyin qorunmasını da təmin edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən sərəncam da məhz bu məqsədə xidmət edir ki, müharibə şəraitində yaşayan ölkəmizdə informasiyadan manipulyativ şəkildə istifadə cəhdlərinin qarşısı alınsın. Yəni, milli informasiya istehsalı ayrı-ayrı ölklərin xüsusi kəşfiyyat orqanları üçün baza rolunu oynamasın. Hesab edirəm ki, Azərbaycan hökumətinin milli mətbuatımıza göstərdiyi diqqət və qayğı bu gün milli mətbuatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb".
sia.az