"Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən bütün siyasi partiyalar Maliyyə Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarını verməlidirlər". Bu fikirləri SİA-ya açqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı ona ünvanlanmış sualı cavablandırarkən deyib.Partiya sədrinin fikirincə, cəmiyyətə maliyyə məlumatlarını açıqlamaq isə siyasi partiyaların fəaliyyətlərinin nə dərəcədə şəffaf olduğunun göstəricisidir: "Bu, həmçinin siyasi partiyalarla cəmiyyətin təması baxımından da vacibdir. AXCP və Müsavat partiyalarının dövlət büdcəsindən maliyyələşmədiyi üçün onlardan rəsmi şəkildə maliyyə hesabatı tələb etmək düzgün deyil. Əgər Azərbaycan Respublikasının Konstitusiyasına zidd hər hansı bir fəaliyyət olsa, ianə və digər vəsaitlərin əldə edilməsində hüquqi əsaslar yoxdursa, o zaman müvafiq qurumlar sözügedən partiyalara hüquq çərçivəsində münasibət bildirə bilərlər. Hər iki partiyanın hansı səbəbdən maliyyə hesabatlarını cəmiyyətdən gizlətmələrini dəqiq deyə bilmərəm. Ancaq buradan iki fikir yaranır, ya bu partiyaların gəlirləri yoxdur, ya da maliyyə gəlirlərini qeyri-rəsmi qaydada həyata keçirirlər və bunu da cəmiyyətə açıqlamağı rəva bilmirlər".Milli Şuranın oktyabrın 12-də aksiya keçirmək istəyinə də münasibət bildirən Fazil Mustafa qeyd etdi ki, burada daha çox Milli Şura rəhbərlərinin problemin həlli istiqamətində özlərinə yol tapa bilməməkləri və düşünmədən addım atmaq faktoru dayanır: "Ümumiyyətlə, onların bu mitinqlərlə hər hansı bir uğur əldə etmək imkanları yoxdur. Ona görə də hesab edirəm ki, özlərinə daha effektiv və doğru yol tapsalar yaxşı olardı. Təəssüf ki, onlarda belə bir amil formalaşmayıb".
sia.az