PDF Oxu

Siyasət

  • 23

İqtisadiyyatın sənayeləşdirilməsi zamanın tələbidir

İqtisadiyyatın sənayeləşdirilməsi zamanın tələbidir

İlham Əliyev: " Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır"

Dayanıqlı inkişafı təmin edilmiş Azərbaycan Respublikasının iqtisadi uğurları beynəlxalq aləmdə böyük rezonansa səbəb olmuşdur. Həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi bu inkişafın təmin olunmasına, qazanılmış uğurların daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Nəticədə Azərbaycan Respublikası qazandığı iqtisadi uğurları ilə dünya birliyində nüfuzlu söz sahibinə, aparıcı dövlətlərdən birinə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bir çox məsələlərə, o cümlədən "Sənaye ili"nə də toxunaraq bildirib ki, sənayenin inkişafı həmişə diqqət mərkəzində olub: "Bu il "Sənaye ili"dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var. Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə yüz faiz təmin etmişik".

Prezident İlham Əliyev müşavirədə onu da bildirib ki, Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır: "Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti, əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq".

Sənayenin inkişafı

gələcəyin təminatıdır

Xüsusilə, vurğulamaq lazımdır ki, son on ildə sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsullarının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyubdur. Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Məhz dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi də keyfiyyətcə yeni mərhələdə Azərbaysanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.

Sənayenin inkişafında əsas məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Belə ki, bu amilin mühüm olmasının nəticəsidir ki, ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunubdur. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun, Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, də sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycanda kosmik

sənayenin inkişafı

İndi Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasındadır. Artıq Azərbaycanın öz peyki vardır ki, bu da böyük tarixi nailiyyətdir. Həmçinin, ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmik və alternativ enerji-sənaye sahələri yaradılmışdır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. Çünki müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir. Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodu ölkəmizin Xəzər regionundakı mövqelərinin güclənməsinə xidmət edir. Bu zavodda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulmuşdur. Bir faktı da qeyd edək ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan ümumi sahəsi 250 hektar olan Sumqayıt Texnologiyalar Parkında 4500-dən artıq işçi çalışır. Buradakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Qeyd edək ki, yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur.

Eyni zamanda, digər bir mənamı da vurğulamaq lazımdır ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər. Ölkə Prezidenti Cənab İlham Əliyev cari ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".

Beləliklə, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə mühüm diqqət yetirilməsi bütövlükdə iqtisadi gücümüzün daha da artmasına, iqtisadiyyatımızın dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər