PDF Oxu

Siyasət

  • 38

Yeni iş yerlərinin açılması həm də iqtisadi inkişafın göstəricisidir

Yeni iş yerlərinin açılması həm də iqtisadi inkişafın göstəricisidir

İlham Əliyev: "2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir"

Cəmiyyətdə iş yeri bütün zamanlarda ciddi sosial problem kimi daim gündəmdə olub. Çünki iş yerinin mövcudluğu bu və ya digər ölkədə təkcə istehsal və xidmət sahələrinin inkişafının birbaşa göstərici yox, həm də sosial-siyasi sabitliyin əsas təminatçısıdır. Elə bu səbəbdəndir ki, əhalinin güzəranının yaxşılaşmasını fəaliyyətində iş yerlərinin açılması bir nömrəli prioritet hesab edilir.

Sosial-iqtisadi inkişafa hesablanan dövlət siyasəti

Bu sahədə Azərbaycan xüsusən inkişafının yeni mərhələsi sayılan son 10 ildə bir çox ölkələrə nümunə göstərilə bilən uğurlar qazanıb. Bu isə təsadüfi deyil. Hələ 2003-cü ildə prezidentliyə namizəd olan Cənab İlham Əliyev dövlət başçısı seçiləcəyi halda ölkədə 1 milyon yeni iş yerinin açılacağı vədini vermişdi. Ola bilsin o vaxt kimlərsə Cənab İlham Əliyevin həmin vədini seçkiqabağı təbliğat kimi qəbul etmişdi. Amma Prezidentin bu vədinə 5 ildə yox, 4 ildə əməl etməsindən sonra heç kəsdə şübhə qalmadı ki, Cənab İlham Əliyevin Azərbaycanda yeni iş yerlərinin açılması ilə bağlı xalqa verdiyi söz quru təbliğat yox, hakimiyyətin düşünülmüş sosial-iqtisadi inkişafa hesablanan dövlət siyasətidir. Məhz bu siyasətin nəticəsində 15-20 il əvvəl iş yerinə və məişət problemlərinə görə boşalmış kəndlərimiz, rayon mərkəzlərimiz yenidən dirçəlir, uzun illər sahibsiz qalmış sahələr yenidən əkilib-biçilir. Bu gün dövlət aqrar sektora, kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi maddi dəstəyi başqa heç bir sahəyə göstərmir. Diqqətçəkən haldır ki, dövlətin iqtisadi siyasətində digər sahələrin inkişafı, yəni dolayısı yolla həmin sahələr üzrə yeni iş yerlərinin açılması da mühüm yer tutur.

Regionların inkişafı yeni iş yerlərinin açılmasını şərtləndirir

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü dövlət proqramlarının həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasının şərtləndirir. Məhz bunun nəticəsidir ki, açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşür.

Xatırladaq ki, regional dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı sosial-iqtisadi inkişafa nail olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Başqa sözlə, hər iki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmış, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə çoxalmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə 55 min 615 yeni müəssisə açılıbdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enibdir.

10 ildə 1 milyon 300 min iş yeri

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayı, birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yeni iş yerlərinin açılmasının prioritet vəzifə olduğunu diqqətə çatdıraraq, ölkədə işsizliyin çox aşağı səviyyədə olduğunu, yeni iş yerlərinin açılmasının "daimi prosesdir" və bununla bağlı o, "düşünülmüş bir konsepsiyanın hazırlanmasından" danışıb: "2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək".

Özəl sektor və yeni iş yerləri

Yeni iş yerlərinin yaradılmasında özəl sektor mühüm rol oynayır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Hazırda qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Xatırladaq ki, 2014-cü ilin ötən ayları ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilmişdir ki, həmin kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 6600-dan çox yeni iş yerinin açılmasına şərait yaratmışdır.

Bu ilin yeddi ayında verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisəsi artıq istifadəyə verilmiş və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycanda yeni iş yerlərinin yaradılması ilə bərabər, həmin iş yerlərində çalışan işçilərin əmək haqlarının artırılması da daim diqqət mərkəzində saxlanılır. Faktlara nəzər salaq. Statistika Komitəsinin hesabatında göstərilir ki, 2014-cü ilin yanvar-iyun aylarında sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat olmuşdur. Hesabat dövründə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir.

Beləliklə, yeni iş yerlərinin açılması bir daha onu sübut edir ki, Azərbaycan iqtisadiyyatında, sənayesində gedən inkişaf sözügedən məqamları özündə kifayət qədər ehtiva etmiş olur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər