Millət vəkili, siyasi analitik Sahib Alıyev sosial şəbəkədəki hesabından İŞİD-lə Milli Şura arasında 5 oxşarlıq və 5 fərq adlı yazı paylaşıb. SİA həmin yazını təqdim edir:"Fikir verirsinizsə, "Milli Şura"dakıların keçirdikləri mitinqdən danışanların diqqətini çəkən bir nəsnə varsa, o da orada İŞİD-in bayrağının qaldırılmasıdır. Onu kimlər qaldırtdırıb və nə məqsədlə qaldırtdırıb deyə bilmərəm, amma heç şübhə etmirəm ki, dünən Məhsul stadionuna yığışanlar da çox istərdilər ki, hansı yolla olursa-olsun "islamçı"lar kimi bütün dünyaya səs salsınlar. Baxmayaraq ki, İŞİD-lə Milli Şura (bundan sonra MŞ) arasında 5 oşxarlıq var, amma bu alınmayacaq. 5 mühüm fərq də mövcuddur o üzdən.
OXŞARLIQ
1. İŞİD kimi MŞ-nın da adı ilə mahiyyəti arasında böyük uçurum var. Yəni necə ki İŞİD bütün dünyada islamı gözdən salır, eləcə də MŞ milli maraqlarımıza qətiyyən cavab verməyən missiyanı həyata keçirməyə çalışır.
2. İŞİD də, MŞ-da başqa ölkələrin kəşfiyyat strukturlarının dəstəyi ilə formalaşıblar.
3. İŞİD təki MŞ-da da bir yox, bir neçə ölkənin kəşfiyyat strukturlarına agentlik edənlər var.
4. Necəki İŞİD bir zaman özü ilə eyni cəbhədə duran terrorçu dəstələrin axrına çıxır, eləcə də MŞ-ın ən böyük hədəfi hakimiyyət yox, Məhsulda tribunaya buraxmadıqları əqidədaşlarıdır.
5. İŞİD-də qara işləri yerinə yetirən bir çox aldadılmış zombilər kimi MŞ-da da qurumun başında duranları yaxşı tanımayan, o üzdən də təsirləri altına düşənlər var. Amma həmin gənclər də 2-3 ildən sonra digərləri kimi ayılıb onları tərk edəsidirlər.
FƏRQ
1. İŞİD-dəkilər heç zaman islamı açıq təhqirə keçən birini dəstəkləməzlər. Hardan tapşırıq gəlir-gəlsin. MŞ-dakılar isə bu milləti addım başı aşağılayan və ermənilərlə sıx iş birliyi hər kəsə bəlli olan, onların özlərinə belə az həqarət yağdırmamış Leyla Yunusla ərinin portretini gəzdirərək ona azadlıq tələb edirlər. Çünki belə bir sifariş alıblar.
2. İŞİD az qala bir dövlətin əlində ola biləcək bütün strukturları formalaşdırmış bir şəbəkədir və 50 min kvadrat kilometrdən çox bir sahəyə nəzarət edir. MŞ isə dünən mitinq keçirdiyi Məhsul stadionunu belə onlara ayrılmış vaxtdan bir dəqiqə artıq əlində saxlamaq gücündə deyil.
3. İŞİD də MŞ da hər ikisi virusdur. Fərq ondadır ki, birincisi AİDS və yaxud da ebola kimi hələ peyvəndi hazırlanmamış, hazırlanıbsa da gizlədilən virusdur. MŞ-yə gəldikdə onun peyvəndi elə başında duranların kimliyidir.
4. Bir neçə dəfə dinini və məzhəbini dəyişən birini İŞİD-in başına gətirmək qeyri mümkündür. Cəmil Həsənlinin MŞ-a sədr seçilməsi isə göstərdi ki, tapşırıq veriləndə orda kimi istəsən başda əyləşdirmək olar.
5. Hazırda bütün dünya İŞİD-dən danışır, MŞ-ni isə Azərbaycanın ucqarlarını demirik paytaxt Bakıda belə çox az adam tanıyır. Tanıyanların əksəriyyəti də elə mən tanıdığım kimi tanıyır.
sia.az