Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsinin təşkil olunması və həyata keçirilməsi məqsədilə 17 oktyabr 2014-cü ildə dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə və 18 oktyabrda dairə seçki komissiyaları arasında təcrübə mübadiləsi, 22-24 oktyabr tarixlərində isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarının keçirilməsi qərara alınıb. SİA-nın məlumatına görə, iclas zamanı seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirə olunub. Mərkəzi Seçki Komissiyası seçki dairələri və məntəqələrin seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması, həmçinin bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər edilməsinə qərar verib. Belə ki, 41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradıldı. Eləcə də, bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilib.
sia.az