"Əslində "Milli Şura" adlanan qurum çoxdan süquta uğrayıb. Artıq qurumun əksər təsisçiləri də antimilli layihədən imtina ediblər. İndi "Milli Şura"dan yadigar qalan sadəcə quru addır ki, buna da ənənəsinə uyğun olaraq Əli Kərimli sahiblənib". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli "Milli Şura"nın oktyabrın 12-də keçirdiyi mitinqin nəticələri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ölü adlara, üzvsüz təşkilatlara yiyələnmək Kərimlinin köhnə adətidir: "Demkonqres adlanan bir qurum vardı. Əli Kərimli İsa Qəmbərlə ənənəvi savaşına görə bu qurumdan ayrılıb öz "demkonqresini" yaratdı. Sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının adına sahibləndi. Halbuki AXCP üzvlərinin mütləq əksəriyyəti bu gün BAXCP-də və digər partiyalarda təmsil olunurlar. Ona görə də bu adamda ad, təşkilat oğurlamaq xəstəliyi var. Bu təxminən banka oğurluğa gələn adamın son nəticədə oradan boş seyflə çıxmasına bənzəyir".O həmçinin qeyd edib ki, Əli Kərimli ilə Cəmil Həsənlinin tərəfdarlarının son mitinqi isə "Milli Şura"nın ölümünün xatirə gecəsi idi: "5-10 nəfər gəlib başsağlığı verib getdi. Fatihəni də İŞİD bayrağı qaldıranlar verdilər".Politoloq E. Mirzəbəyli eyni zamanda Cənubi Qafqazda erməni terrorizminin artması məsələsinə də toxunub. Onun sözlərinə görə, artıq kimsəyə sirr deyil ki, beynəlxalq terrorizmi stimullaşdıran və ayaq üstə saxlayan xarici güclərdir: "Əfqanıstan, İraq və Suriyada bunun şahidi olduq və olmaqdayıq. Böyük güclərin geosiyasi maraqları harada toqquşursa orada mütləq "Əl Qaidə" və yaxud İŞİD adlı bir "xortdan" dünyaya gətirilir və sonrada bu "xortdan"la mübarizə adı altında ayrı-ayrı dövlətlərin əraziləri işğal olunur".E. Mirzəbəyli hesab edir ki, erməni terrorizmi də beynəlxalq terrorizmin tərkib hissəsidir: "Ermənilər dünyada terrorun atası sayılır və şübhəsiz ki, belə bir terrorçu-dövlətin mövcudluğu Cənubi Qafqazın sabitliyinə daim təhdidlər yaradır. Regionda sabitlik artıq pozulub. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 20 ildən çoxdur ki, işğal altında saxlayır və bu, artıq regionda sabitliyi hər an geniş miqyasda poza biləcək qədər təhlükəli faktordur. Cənubi Qafqazda sabitliyin təminatı münaqişələrin həlli və erməni işğalına son qoyulması ilə birbaşa bağlıdır".
sia.az