"Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin xarici işlər naziri Riyad əl-Maliki ilə keçirdiyi brifinqdə deyib.XİN rəsmisinin sözlərinə görə, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir. Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər".E.Məmmədyarov bildirib ki, Azərbaycanın Fələstinlə bağlı mövqeyinə toxunub: "Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir. Azərbaycan Fələstin hökumətinə humanitar yardımı davam etdirir. Həmçinin tərəflər təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Fələstin vətəndaşları artıq Azərbaycanın universitetlərində təhsil alırlar".
sia.az