"İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalının açılması bu ölkədə yaşayan azərbaycanlıların həyatında ən yadda qalan hadisələrdən biri ola bilər". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.Millət vəkili bildirib ki, bir millətin göstəricisi onun dili, düşüncəsi, ərazisi və s-dir: "Ərazilərimiz iki dövlət arasında bölünsə də, dilimizin qorunub saxlanılması kifayət qədər ciddi və vacib məsələdir. Cənubda yaşayan azərbaycanlılar öz dilini yaxşı bilir. Rəsmi dövlət dili fars dili olsa da, öz dillərini unutmayıblar. Bununla yanaşı millət öz dilində təhsil almalıdır. Bu gün Azərbaycanda yaşayan bütün etnik qruplara kifayət qədər diqqət göstərilir, onlara diqqət ayrılır. Bu baxımdan Azərbaycan nümunə olacaq dövlətlərdən biridir".F. İbrahimli İranda 24 saat Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalının açılmasını olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirib: "İranın belə bir addımı reallaşsa, ancaq müsbət hal kimi qiymətləndirilə bilər".Xatırladaq ki, Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami keçirdiyi mətbuat konfransında yaxın vaxtlarda İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalının açılacağını bildirib.
sia.az