Bu gün Heydər Əliyev Mərkəzində "Bakı-Tbilisi-Qars dəmir yol xətti: Tarixi İpək Yolunun inkişafına yeni imkanlar" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda əsas hədəf kimi Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin əsas dəmir yolu bağlantısı olan Bakı-Tbilisi-Qars layihəsinin imkanlarının, tranzit potensialının aktiv təbliği yolu ilə onun beynəlxalq nüfuzunun daha da yüksədilmısi, bu xətdə yük və sərnişin axınlarının cəlb edilməsi üçün imkanların genişləndirilməsi seçilib.Tədbirdə Baş nazirin müavini Abid Şərifov, Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, bir çox beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələri iştirak edib. Konfransda nəqliyyatla bağlı ümumi məsələlər, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu ölkələr tərəfindən həyata keçirilən və perspektiv layihələr, yeni təşəbbüslər, nəqliyyat əlaqələrinin və tranzitin inkişafında beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu və potensial imkanları, təhlükəsizlik, ekoloji aspektlər, eləcə də lokal və qlobal miqyaslarda effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər müzakirə olunub. Tədbirdə ilk öncə, Baş nazirin müavini Abid Şərifov çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin tədbirlə bağlı müraciətini iştirakçıların nəzərinə çatdırıb. Prezident müraciətində BTQ dəmir yolu xəttinin inkişafı perspektivləri barədə danışıb və yaxın vaxtlarda istifadəyə veriləcək BTQ dəmir yolunun Azərbaycanın və bölgənin inkişafında böyük rol oynayacağını bildirib.
Müraciətdə qeyd olunub ki, dəmir yolu xəttinin istiifadəyə verilməsi Azərbaycanın infrastruktur layihələrinin genişlənməsinə səbəb olacaq. Müraciətin sonunda isə Prezident tədbir iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib, dəmir yol magistralı istismara verildikdən sonra ilk beş ildə yükdaşımaların həcmi ildə 5 milyon ton təşkil edəcək, sonrakı illərdə isə bu rəqəm ildə 15 milyon tona çatdırılacaq: "Yeni Avrasiya nəqliyyat dəhlizi 2015-ci ilin əvvəlində istismara veriləcək. Hazırda Gürcüstan ərazisində uzunluğu 26,5 kilometr olan yeni dəmir yolunun salınması və 153 kilometrlik köhnə dəmir yolunun modernləşdirilməsi üzrə işlər aparılır. Türkiyə ərazisində xəttin uzunluğu 76 kilometr olacaq və onun ümumi uzunluğunun üçdə ikisi tunellərin payına düşür və tikinti işləri 2014-cü ilin sonuna başa çatacaq. Bu layihə regional çərçivədən çıxaraq beynəlxalq xarakter alıb. Bakı-Tbilisi-Qars magistralı üzrə Asiya və Avropa ölkələrindən yüklər tədarük edəcək".
Tədbir hazırda davam edir.
sia.az