"Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin vəzifəsinə daxil olan məsələlərdən biridir və bu məsələdə onların təmsil etdikləri ölkələr də Ermənistana təzyiq etməlidir". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloq hesab edir ki, həmsədr ölkələrdən olan Rusiyanın əlində girovları azad etmək su içmək qədər asandır: "Ermənistan bütünlüklə Rusiyanın müstəmləkəsi, koloniyasıdır. Eyni zamanda Fransanın Ermənistanla yaxın münasibətləri var. Yəni bu məsələdə Fransa da həmsədr ölkə kimi Ermənistana təzyiq göstərə bilər. ABŞ bu məsələni Ermənistandan tələb etməsə də onu BMT səviyyəsinə qaldırar, insan haqları konteksindən yanaşar. Yəni həmsədr dövlətlərin əlində bu məsələni həll etmək üçün kifayət qədər rıçaqlar var".Q. Hüseynli deyib ki, Azərbaycanın tərkib hissəsi hesab olunan əraziyə, öz ölülərinin qəbirlərini ziyarətə gedən insanların ermənilərə tərəfindən həbs edilərək, onlara məhkəmə keçirmək istəmələri gülüncdür və onlar hökmən geri qaytarılmalıdır: "Ancaq ikili standartlar bu məsələdə də özünü göstərir. Bu məsələ dövlətlərarası razılaşma yolu ilə həll edilməlidir. Bunu da beynəlxalq təşkilatlar, dövlətlər Ermənistana təzyiq etməklə reallaşdıra bilərlər".
sia.az