"Sovetskidə heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov Sovetskidə evlərin sökülməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Abid Şərifovun sözlərinə görə, sovetski sakinlərindən kim istyirsə, qalıb orada yaşa bilər: "Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsi məsələsinə münasibət bildirən baş nazirin müavini vurğulayıb ki, verilən 1500 manat kompensasiya az deyil: "Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. Mən 15 kvadrat metr ərazidə yaşayıram, onu satsam gedib özümə başqa yerdən ev ala bilməyəcəm məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdı. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xəttləri ilə təmin olunur. Heç kim evindən zorla çıxarılmır".
Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə isə A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: "Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb, vəsait ödənilməyib. Bu ola bilməz. 3-cü mikrorayonda evlərin 90 faizinin sənədi yoxdu, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın".
sia.az