Almaniyada isə irqçilik və korrupsiya halları qarşısıalınmaz həddə qədər inkişaf edir
Almaniyanın "Der Siegel" ("Şpigel") dərgisi yenidən Azərbaycan hakimiyyətini hədəfə alan yazıları ilə qərəzçilik mövqeyini ortaya qoyub. Maraqlıdır ki, Almaniyanın özündə baş alıb gedən irqçilik hallarını, dini qeyri-tolerantlığı, o cümlədən, hakimiyyətdə baş verən korrupsiya hallarını "unudan" alman dərgisi nədənsə, hansısa korrupsioner və ermənipərəst almaniyalı siyasətçinin sifarişini canla-başla həyata keçirməyə alışıb. Guya Azərbaycanda son dövlər hakimiyyətin apardığı "repressiyalar" haqqında sifarişli material dərc edən adıçəkilən dərgidə "Ya həbs olunmalısan, ya da ölkədən getməlisən" başlıqlı məqalədə erməni kəşfiyyatına işləyərək, dövlətimizin əleyhinə çalışan Leyla Yunusa, ona dəstək olan digər ermənisevər Xədicə İsmayıla vəkillik edib. Leyla Yunusun Avropa Parlamentinin insan hüquqlarının qorunması ilə bağlı təsis etdiyi mükafata namizəd olduğunu yazan "Şpigel" bu dəfə də çirkin niyyətini, şantajçı obrazını həmin dərgiyə donoslar ötürən AXCP sədri və "Azadlıq" qəzetinin gizli baş redaktoru Əli Kərimlinin vasitəsilə canlandırıb. Bütün bunlar öz yerində...
Qazanclarını güdərək, dövlətçilik maraqlarını satmaq üçün daha da azğınlaşırlar
Ancaq Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə rəhbərlik etdiyini xatırladan "Şpigel" nədənsə unudub ki, ölkəmizdə "siyasi məhbus" ifadəsi yoxdur. Bu ifadəni elə həmin dairələrə nökərçilik edən Xədicə İsmayıl kimi nadürüst, dövlətinin maraqlarını beş quruşa satan ünsürlər sırıyırlar. Sonra isə bunun müqabilində qazanclarını güdərək, dövlətçilik maraqlarını satmaq üçün daha da azğınlaşırlar. Bunun üçün isə onlara "Şpigel" adlı bir korrupsiyalaşmış dərginin mövcudluğu kifayət edir. Bax, bu da öz yerində...
Almaniya başda olmaqla bir sıra müasir Avropa cəmiyyətlərində demokratiyanın ən əsas prinsipləri hesab olunan insan hüquqlarının qorunması, tolerantlıq və multikulturalizm dəyərləri tənəzzülə uğrayır
O zaman gəlin Azərbaycan hakimiyyətini ittiham edən Almaniya dərgisinə təmsil etdiyi ölkədə nələrin yaşandığını bir daha, lazım gələrsə yenə də bir daha xatırladaq. Məsələn, kimsəyə sirr deyil ki, Almaniyada irqçilik amili daim üzdə olub və bu gün də həmin ölkədə yaşayan miqrantlara qarşı amansız rəftarlar edən nasistlərə qeyri-rəsmi olaraq yaşıl işıq yandırılır. Demək olar ki, bu ölkədə miqrantlara olan təzyiqlər, qətllər və şübhəli "bədbəxt hadisə"lər hər an, hər dəqiqə artmaqdadır.
Xatırlatmaq yerinə düşərdi ki, son illərdə Almaniyada əsasən miqrantların yaşadığı binalarda, iş obyektlərində və s. yerlərdə onların ölümünə səbəb olan şübhəli yanğın hadisələri mütəmadi hal almağa başlayıb. Maraqlıdır ki, çox zamanlarda belə hadisələrin baş verməsi hüquq-mühafizə orqanları tərəfindən "texniki nasazlıqlarla", "miqrantların ehtiyatsızlığı" ilə əlaqələndirilir. Lakin bu cür "bədbəxt hallar"ın hiss olunacaq dərəcədə çoxalması, üstəlik buna paralel olaraq, ölkədəki fərqli etnik kökə malik şəxslərin tez-tez neonasistlərin və başqa bu kimi skinxed qrupların hücumlarına məruz qalması, irqçilərin mitinq və digər kütləvi tədbirlərin ənənə halını alması bəzi yerli və xarici media qurumlarının həyəcan təbili çalmalarına səbəb olub. Bir müddət əvvəl Almaniyadakı neonasist, radikal irqçi "Nasional Sosialist Yeraltı" (NSU) terror təşkilatının üzvlərinin 8-i türkiyəli olmaqla, 10 nəfəri qətlə yetirməsi faktı, NSU-nun müsəlmanların ibadət etdiyi məscidlərin divarlarına "Rədd olsun İslam!", "Qara millətin ari irqləri qarşısındakı vəzifəsi nökər olmaqdır!", yaxud da "Siz Almaniyada deyil, cəhənnəmdə yaşayacaqsınız!" kimi şüarlar yazmaları sözügedən vəziyyətin nə qədər gərgin olması siqnalını verir.
Məlum olduğu kimi, bu gün irqçilik və neofaşizm dalğası bütün Avropada özünü göstərməkdədir. Bütün bunlar isə həm də ondan xəbər verir ki, Almaniya başda olmaqla bir sıra müasir Avropa cəmiyyətlərində demokratiyanın ən əsas prinsipləri hesab olunan insan hüquqlarının qorunması, tolerantlıq və multikulturalizm dəyərləri tənəzzülə uğrayır.
Hər 4 alman həkimdən biri öz pasiyentlərindən əlavə haqq kimi pul vəsaitləri alır
Bu gün Almaniyada fəaliyyət göstərən bir çox dövlət qurumlarında korrupsiya halları dayanmadan artmaqdadır. Hələ iki il öncə, Almaniyanın "Zeit Online" saytının verdiyi məlumata görə, bu ölkənin ən nüfuzlu 30 şirkətinin rəhbərləri BMT-nin korrupsiya ilə mübarizə konvensiyasının qəbul olunması xahişi ilə Bundestaqa müraciət etmişdilər. Onlar müraciət məktubunda adıçəkilən konvensiyanın ratifikasiya olunmamasının şirkətlərin nüfuzuna mənfi təsir göstərdiyini bildirmişdilər. Məktubu imzalayanlar arasında "Siemens", "Daimler", "Allianz", "Deutsche Bank", "Commerzbank", "Bayer" və "Metro" kimi şirkət və konsernlərin də adları yer almışdı.
Bu gün Azərbaycanı ən qərəzli şəkildə ittiham atəşinə tutmağa cəhd edən Almaniyada həkimlər və tibb işçiləri arasında korrupsiya adlı qarayara sağalmaz xəstəliyə çevrilib. Elə bu ölkədə dərc edilən "Bild" qəzetinin məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, hər 4 alman həkimdən biri öz pasiyentlərindən əlavə haqq kimi pul vəsaitləri alır. Halle-Wittenberg Universiteti tərəfindən aparılan araşdırmada klinikaların 24%-i onlarda bu cür neqativ halların baş verməsini təsdiq edib. Tibbi təchizat, otolorinqoloq və ortopediya sahələrində çalışan mütəxəssislərin 49%-i pasiyentlərdən qanunsuz şəkildə pul aldıqlarını etiraf ediblər. Qəzetin məlumatına görə, sorğuda iştirak edən hər 5 həkimdən biri pasiyentlərdən əlavə pul almağın qanuna zidd olmasından xəbərsiz olduğunu bildirib. Həkimlərin əksəriyyəti düşünür ki, nəzarət və cəzalandırma tədbirləri zəif olduğundan, onların həbsedilmə ehtimalı çox azdır və pasiyentlərdən əlavə vəsait alarkən onlar özlərini təhlükəsiz hiss edirlər. Sosial- Demokrat Partiyasının üzvü Laterbax bildirir ki: "Onlar mafiya şəbəkəsi kimi fəaliyyət göstərirlər və bu, pasiyentləri xəstəliklərinə uyğun müalicə almaqdan məhrum edir. Adətən, yaxşı həkimləri rüşvətin daha çox olduğu klinikalarda tapmaq olar və pasiyent yaxşı müalicə üçün rüşvət verməyə məcburdur."
"Der Spiegel"-in hansı qaranlıq siyasi dairələrlə korrupsiya əməlləri barədə də lazımi geçəklikləri ortaya qoymaq mümkündür
Göründüyü kimi, əgər bu gün Azərbaycanı hədəfə alan "Şpigel" dərgisinə lazım gələrsə, Almaniyada cərəyan edən minlərlə bu kimi neqativliklər barədə faktlar təqdim edə bilərik. Hətta "Der Spiegel"-in hansı qaranlıq siyasi dairələrlə korrupsiya əməlləri barədə də lazımi geçəklikləri ortaya qoymaq mümkündür. Məhz bu baxımdan, bu gün erməni lobbisinə xidmət edən bəzi almaniyalı deputatların xidmətində duran bu dərgi, o cümlədən, bu dərgi vasitəsilə həm erməni lobbisinə, həm də anti-Azərbaycan dairələrinə nökərçilik edən Leyla Yunus, Xədicə İsmayıl, Əli Kərimli kimi ünsürlər yaxşı bilməlidirlər ki, onların bu kimi ləyaqətsizlik cəhdləri elə ləyaqətsizliklərinin ifşası kimi dəyərləndiriləcəkdir. İstər "Şpigel", istərsə də onun buradakı nökərləri bu faktoru unutmamalıdırlar.
Rövşən NURƏDDİNOĞLU