PDF Oxu

Siyasət

  • 25

Ağcabədidə hərbi hissədə görüş keçirilib

Ağcabədidə hərbi hissədə görüş keçirilib

YAP Ağcabədi rayon təşkilatı, rayonda fəaliyyət göstərən "Qarabağ" ədəbi məclisi ilə birgə dövlət müstəqilliyimizin bərpa olunmasının 23-cü ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov açaraq, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi haqqında Konstitutsiya Aktının qəbul edilməsi barədə məlumat verərək, bu əlamətdar gün münasibəti ilə əsgər və zabitlərimizi təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində əvəzsiz xidmətlərindən danışaraq, Ulu Öndərin siyasi irsinin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın maraqlarının və mənafelərinin qorunması naminə fəaliyyətini qeyd edib. Bildirib ki, iyirmi üç il tarixi baxımdan qısa zaman olsa da, ötən bu müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmiş, dünya dövlətləri sırasında layiqli yer tutmağa müvəffəq olmuşdur.

YAP-ın veteranı, rayon ağsaqqalı Süleyman Qasımov əsgərlərimizi salamlayaraq, onlara hərbi borclarını ləyaqətlə yerinə yetirdikləri üçün xeyir-duasını verib. YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva və şura üzvü Nərminə Əkbərova hərbiçilərə vətən torpağının və səmasının təhlükəsizliyinin keşiyində ayıq-sayıq durduqları üçün əsgərlərimizə minnətdarlıqlarını bildirib, cansağlığı və uğurlar arzulayıb. Görüşdə YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı, I qrup Qarabağ əlili, "Tərəqqi" medallı Ramil Nağıyev hərbiçiləri salamlayaraq, bildirib ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın azad edilməsi üçün hücum əmri verərsə, tərəddüd etmədən döyüşə gedəcək.

Azərbaycan Böyük Vətən Müharibəsi Veteranları Birliyinin Ağcabədi şöbəsinin sədri, batalyon komandiri olmuş Ələsgər Allahverənov əsgərlərimizi Qarabağ uğrunda gedən döyüşlərlə bağlı xatirələrini danışıb və öz tövsiyyələrini verib. Gənclər üçün təhsil mərkəzi təşkilatının nümayəndəsi Sevinc Quliyevanın rəhbərliyi ilə hazırlanmış "Gənc şahinlər" öz döyüş qabiliyyətlərini göstəriblər. Sonra söz ədəbi məclisin üzvlərinə verilib. Şairlərdən Avşar Eyvaz, Xəzangül Qədimli, Seyid Həmid, Rasim Səmədoğlu, Vəli Qurbanoğlu, Pəri Arazbarlı, Eynulla Sadıq, Zahid Eloğlu, Mübariz Məmişoğlu, Könül Aydın, Hüseyn Ağayev(Muğanlı) Qarabağ nisgilinə, Ulu Öndərimizə, Vətən torpağının gözəlliyinə və əbədi mövzu olan məhəbbətə aid şeirlərini oxuyublar.

Hərbi hissənin komandir müavini N saylı hərbi hissənin rəhbərliyi adından, hərbiçilərimizin əhval-ruhiyyəsini yüksəldən belə bir görüşü təşkil etdiyinə görə, YAP Ağcabədi rayon təşkilatına və "Qarabağ" ədəbi məclisinin üzvlərinə təşəkkürünü bildirib.

ZÜMRÜD

Digər xəbərlər