"Leninqrad 4 il blokadada qalmasına görə "qəhrəman şəhər" statusu alıbsa, Naxçıvan Muxtar Respublikasının 24 illik blokadada qalması və düşmənlə sərhəd olmasına əsaslanaraq, bu məsələyə bir daha nəzarət edilməlidir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, Leninqrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır: "Bu baxımdan bu il Naxçıvanın 90 illiyi, həm də müstəqilliyimizin ildönümünü nəzərə alaraq, parlamentdə məsləhətləşmələr aparıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyinizi təklif edirəm. Bu, Naxçıvanın daha da güclənməsinə bir töhfə olar".O həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikasının 90 illiyi geniş şəkildə qeyd olunur: "Bu il həm Naxçıvanın 90 illiyi, həm də müstəqillik tariximizin ildönümünün qeyd edildiyi nəzərə alınaraq bu sahədə müəyyən addımlar atılmalıdır. Tarixə nəzər salsaq görərik ki, müstəqilliyə gedən yolun əsası Naxçıvan Muxtar Respublikasından başlayıb və Ulu öndər Heydər Əliyevin orada Ali məclisin sədri olan dövrdə ilk dəfə "sovet sosialist respublikası" sözü, məhz Ali məclisdən çıxarılıb. Eyni zamanda Azərbaycanın üçrəngli bayrağı da Naxçıvanda qaldırılıb. Həmrəylik gününün keçirilməsi də Ali məclisdə müzakirəyə çıxarılıb".
sia.az