"Kim Dağlıq Qarabağ ermənilərinin dostları klubuna daxil olsa, onların Azərbaycana gəlişi qadağan olunsun". SİA-nın xəbərinə görə, bu təkiflə parlamentin bugünkü iclasında millət vəkili Fazil Mustafa çıxış edib. Müstəqillik günü ərəfəsində belə bir klubun yaradılmasını pisləyən millət vəkili Azərbaycan parlamentinin bu məsələ ilə bağlı xüsusi bir müraciət qəbul etməsini təklif edib: "Kim Dağlıq Qarabağ ermənilərinin dostları klubuna daxil olsa, onların Azərbaycana gəlişi qadağan olunsun. Əgər Avropa İttifaqı tərəfindən belə bir addım atılırsa, biz özümüz də Milli Məclisdə Dağlıq Qarabağ Komitəsini yaratmalıyıq. Çünki bu günə kimi AŞPA-da ən böyük uğurlarımızdan biri, məhz Dağlıq Qarabağ icmasının nümayəndəsi kimi Rövşən Rzayevin iclaslarda çıxışı olub. Ona görə də qabaqlayıcı tədbirlər görməliyik".Millət vəkilinin çıxışına cavab olaraq spiker deyib ki, bu addım rəsmi səviyyədə atılmır: "Düzdür, biz artıq öyrəncəli olmuşuq. İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Lakin rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Amma bu dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir məlumat yoxdur. Ona görə də rəsmi qərar olmadan, münasibət bildirməyək".O.Əsədov onu da qeyd edib ki, artıq dünyada ədalət prinsipi itib: "Hansı böyük qüvvəyə nə əl verirsə, onu da edirlər. Qarabağ məsələsindən oyuncaq kimi istfadə olunur. Ona görə də Dağlıq Qarabağ icmasını daha aktiv olmağa və fəaliyyətini daha gücləndirməyə çağırıram".Spiker onu da xatırlatdı ki, bu günlərdə Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresinin qəbul edilən sənəddə işğalçı ölkələr sırasında yalnız Gürcüstan və Moldovanın adının olmasını, ədliyyə naziri Fikrət Məmmədovun səyi nəticəsində Azərbaycanın adının o sənədə salınmasını xatırlatdı: "Bu uğurlarımızdan da danışmaq lazımdır".
sia.az