"Azərbaycanda seçkilərin keçirilməsi istiqamətində böyük təcrübə qazanılıb". SİA-nın məlumatına görə, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov "Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti" mövzusunda çıxış edərkən deyib.Azərbaycan Prezidentinin seçkilərin qanun çərçivəsində keçirilməsində israrlı olduğunu, seçkilərə kənar müdaxilə hallarının qarşısının alınması və belə hallara yol verən şəxslərin cəzalandırılması haqqında tapşırıqlarını xatırladan PA rəsmisi deyib ki, 1607 bələdiyyəyə keçiriləcək seçkilərinin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb: "Seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Bu gün DSK-ların müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlarına uyğun keçirilməsinə imkan verir" "Azərbaycanın uğurlarına sevinməyən qüvvələr vaxtilə məntəqələrdə veb-kameraların quraşdırılması və seçkilərin canlı yayılmasını seçkilərə müdaxilə kimi qiymətləndirdilər. Lakin sonda bunun seçkilərin demokratikliyini təmin etdiyini görüb susdular. Növbəti seçki prosesində məntəqələrdə veb-kameraları quraşdıracaq şəxslərin məsuliyyəti artırılmalı, onlara xüsusi təlimlər keçirilməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir". H.Mövsümov bildirib. PA rəsmisi qeyd edib ki, növbəti bələdiyyə seçkisinin xüsusiyyəti nəzərə alınaraq icra hakimiyyəti orqanları tərəfindən sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib.
sia.az