PDF Oxu

Siyasət

  • 28

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Prezident İlham Əliyev Daşkəsən və Naftalan rayonlarına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verdi.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. İndi bu cür mərkəzlər paytaxtla yanaşı, bölgələrdə də inşa olunur. Bu mərkəzlərdən biri də Daşkəsən rayonunda tikilib.

Bu Mərkəz Daşkəsənin görkəminə xüsusi gözəllik verir. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.

Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Fotostendlərdə Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunub. Bu fotolardan da görünür ki, Ümummilli Lider hər zaman əhalinin rifahını diqqət mərkəzində saxlayıb, onun regionlara səfərlərinin də əsas məqsədi ölkəmizdəki inkişafı hər bir soydaşımızın həyatına daxil etmək idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsi olub. Respublikamızda mükəmməl idarəçilik məktəbini yaradan Heydər Əliyevin görkəmli ictimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirməklə gördüyü böyük işlər mühüm rol oynayıb.

Məlumat verildi ki, Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur. Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Son illərdə Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonda icra hakimiyyəti üçün yeni tikilən inzibati binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina Daşkəsənin görkəminə də xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir. Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.

Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək. Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər. Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu proseslərdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Ölkəmizdə artıq gənclər siyasəti ilə bağlı müxtəlif beynəlxalq tədbirlər də keçirilir. Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə birinci Qlobal Forum bunun əyani sübutudur. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament nümayəndələrinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və digər rəsmilərin iştirakı gözlənilir. Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər mərkəzləri, o cümlədən Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir. Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq. Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Qarabağ SPA and Resort" otel kompleksinin açılışında iştirak etdilər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü. Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobillərlə otelin ərazisini gəzdilər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Naftalan Hotel by Rixos" otelinin yeni korpusunda yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, 2013-cü ilin aprelinədək "Qaşaltı" sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.

Digər xəbərlər