"Ermənistan prezidenti Serj Sarkisyan son dövrlərdə Azərbaycanla bağlı müxtəlif səpkili bəyanatlar verir. Hətta ermənilər bir müddət əvvəl təntənə ilə qəbul olduqları Avrasiya və Gömrük İttifaqlarının tərkibində yer alan Qazaxıstanı kəskin şəkildə ittiham edərək, Nazarbayevi türkçü şovinist adlandırmışdı. Ermənistan bu kimi hərəkətləri ilə bir daha sübuta yetirdi ki, onlar nəinki MDB formatında, eləcə də kiçik qurumlardan dəstək qazana bilmir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Ermənistan ənənəsinə sadiq qalaraq bu dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycandan növbəti şikayətini edib: "Mahiyyət isə budur ki, guya Azərbaycan münaqişənin uzadılmasında maraqlıdır. Bu ittihamda məntiq haradadır? Qeyd edək ki, işğal edilən torpaqlar sırf Azərbaycana məxsusdur. Ona görə də ölkəmiz haqlı olaraq öz torpaqlarının azad olunması tələbində israrlıdır. Bütün bunları nəzərə alıb torpaqlarımızın azad olunmasını niyə yubatmalıyıq? Odur ki, bu kimi ittihamlar Sarkisyanın əsassız mövqeyindən başqa bir şey deyil". O həmçinin qeyd edib ki, həmsədrlər yeni taktiki yanaşma irəli sürmək istəyirlər: "Bu da o deməkdir ki, qoşunların geri çəkilməsi və insanların ora köçürülməsi, eləcə də digər məsələlərin hamısı böyük sülh sazişinin içərisində yer alacaq. Statusla bağlı refendum məsələsi isə sonraya saxlanılır. Görünür, erməni tərəfi bu kimi müddəaları həzm edə bilmədiyindən, sazişin hazırlanmasına qarşı çıxır. Çünki sazişin tərkibində yer alacaq tələblər Ermənistanı açıq şəkildə qane etmir".Zahid Oruc eyni zamanda oktyabrın 27-də Fransada keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də toxunub. Onun fikrincə, bu kimi görüşlər Amerika və Fransanın, konkret olaraq qərb dövlətlərinin Dağlıq Qarabağ məsələsinin sırf Rusiyanın həll etməsi məsələsinə imkan verməyəcəklərinə mesajdır. Buna görə də Fransada Olandın vasitəçiliyi ilə keçirilən heç bir görüşün Azərbaycanı böyük sülh sazişinə aparacağına inanmıram".
sia.az