İlham Əliyev: "Bu gün Azərbaycan elə sürətlə inkişaf edir ki, hər bir vətəndaş haqlı olaraq Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir"
Bu gün ölkəmizin hər bir bölgəsi inkişaf edir və Azərbaycan zəngin, qüdrətli və müasir dövlətə çevrilib. Bu, dövlət başçısının uğurlu siyasətinin məntiqi nəticəsidir. Xüsusilə də Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri vacib hadisə olmaqla yanaşı, eyni zamanda bu səfərlər ölkəmizin inkişafı tarixində mühüm yer tutur. Çünki dövlət başçısının bölgələrə səfərləri yeni-yeni obyektlərin, iş yerlərinin açılışı ilə müşayiət olunur. Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur. Eyni zamanda ölkə rəhbəri regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamalarına səbəb olur.
Son 10 ildə dövlət başçısı 1200-dən çox obyektin açılışında iştirak edib
Ölkə Prezidenti İlham Əliyev son 10 ildə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak edib. Təkcə 2013-cü ildə dövlət başçısı bəzilərində bir neçə dəfə olmaqla respublikanın 36 şəhər və rayonunda olub, 170-dən çox obyektin açılışına və təməl mərasiminə qatılıb. Ölkə Prezidenti bu günlərdə respublikamızın qərb bölgəsinə səfəri zamanı etdiyi çıxışında vurğulayıb ki, Azərbaycanın inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir.
Həqiqətən də son illərdə Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonda icra hakimiyyəti üçün yeni tikilən inzibati binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.
Onu da bir daha vurğulamaq istərdik ki, dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı onların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd etmişdir: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri İlham Əliyev regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
R.KAMALQIZI