YAP İsmayıllı rayon təşkilatı 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə İsmayıllı Peşə Tədrisi Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ərazi ilk partiya təşkilatları ilə birgə dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Zaur Muradov açaraq qeyd edib ki, 1918-ci ildə artıq bir dəfə müstəqilliyini elan edən xalqımıza qarşı həyata keçirilən bütün zorakılıqlara baxmayaraq, ölkəmiz 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bəyan etdi. Məhz bu tarix Azərbaycan tarixinin parlaq bir səhifəsidir.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, ölkəmiz özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. O bildirib ki, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı:"Xalqın istək və arzusu ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bütün bunlar isə böyük tarixi nailiyyətlərdir.Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Aparılan alternativsiz, məqsədyönlü, gələcəyə hesablanmış siyasət nəticəsində ölkəmiz artıq dünya dövlətləri arasında söz sahibinə çevrilmişdir.Ölkəmizin haqq səsi dünyanın aparıcı beynəlxalq təşkilatlarından, birliklərindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır".
Tədbirdə çıxış edən partiya fəalları Yusif Rzayev, Orxan Yusifov, İlham Cərullayev, Sevda Qasımova və başqaları qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın dövlət müstəqilliyi onun layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti və praqmatik liderlik keyfiyyətləri sayəsində son on il ərzində daha da möhkəmlənmiş, güclənmiş, xalqımızın, müstəqil dövlətimizin keşiyində mərdliklə dayanan güclü ordumuz formalaşıb. Bütün bunların sayəsində respublikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi naliyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına kömək göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.
ZÜMRÜD