Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Qadınlar şurasının üzvləri, hakim partiyanın aktiv gəncləri ilə birlikdə "milli-mənəvi dəyələrimizin qorunması və bunun gənclərə aşılanması" istiqamətində dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının sədri Pərvanə Hacıyeva deyib ki, bu gün hakim partiyanın sıralarında aktiv, təhsildə yüksək nəticələr göstərərək Ali məktəbə daxil olan gənclərimiz, həkimlərimiz və müəllimlərimiz vardır.Pərvanə Hacıyeva qeyd edib ki, YAP Xəzər rayon təşkilatı Qadınlar şurası bir sıra tədbirlər planı hazırlayıb: "Hesab edirəm ki, milli adətlərdən gələn dəyərləri yaşatmaq və bunu gənc nəslə düzgün təlqin etmək lazımdır".O, milli-mənəvi dəyələrimizin qorunması və bunun gənclərə aşılanması, erkən nikahlar və onların törətdiyi fəsadlar, Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə dünyaya çatdırılması mövzularında tədbir iştirakçılarına geniş məlumat verib: "Ümumiyyətlə biz mütəmadi olaraq gənclərlə bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik. Düşünürəm ki, fikirlərimizin gənclərə təlqin olunması və uğurlu nəticə əldə olunması üçün bu kimi görüşlərin keçirilməsində böyük fayda var".Daha sonra digər çıxış edənlər belə tədbirlərin gənc nəslin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə və milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına xidmət etdiyini diqqətə çatdırıblar.Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
sia.az